Levandovski “Bavariya”ya bonus qazandırdı

28.02.2023 15:05 233
Dünya futbolu
Robert Levandovski sabiq klubunu irəli salıb. “Barselona” ona görə “Bavariya”ya 1 milyon 125 min avro ödəyəcək.

"Football-plus.az" xəbər verir ki, bunun səbəbi polşalı hücumçunun artıq cari mövsümdə kataloniyalıların heyətində 25 qol vurması ilə bağlıdı.

Robert buna Avropa Liqasının pley-off mərhələsinin fevralın 23-də keçirilən “Mançester Yunayted”lə cavab oyununda nail olub. O, hazırkı komandasının 1:2 hesabıyla uduzduğu matçda penalti ilə hesabı açsa da, sonda məyusluq yaşamışdı.

Levandovski “Bavariya”dan “Barselona”ya 2022-ci ilin yayında keçib. Klublar arasında imzalanan müqavilənin bir bəndində təcrübəli futbolçu yeni komandasında 25 qol vuracağı halda “Bavariya”ya 1 milyon 125 avro bonus ödənilməsi nəzərdə tutulub. Bu bəndin ilk 4 mövsüm ərzində qüvvədə olacağı da göstərilib.

Yeri gəlmişkən, “Almeriya” ilə son oyunda (0:1) Levandovskinin sol bud əzələsi zədələnib. 34 yaşlı hücumçunun təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. O, İspaniya kubokunun “Real”a qarşı martın 2-də keçiriləcək ilk yarımfinal oyununu buraxacaq.