Zaqreb “Dinamo”sunun azərbaycanlı oyunçusu Mahir Emrelinin taleyinə hələ də aydınlıq gəlməyib.
“Football-plus.az” xəbər verir ki, Zaqreb təmsilçisindən ayrılacağı dəqiqləşən hücumçu yeni komanda tapmaqda çətinlik çəkir. İddialara görə, səbəb “Nürnberq”inin “gözlə” deməsidi. Futbolçu isə “Traktor”dan və Əlcəzair klublarından aldığı təklifləri dəyərləndirmək istəmir.
Bəs almanların transferdə tərəddüd etməsi nəyə əsaslanır?
“Bild”in məlumatına görə, “Nürnberq”in baş direktoru Yoti Hatzialeksiou Mahirin ciddi zədə riskiylə üz-üzə olduğunu bildirib. Funksioner yanvarda çıxış etdiyi oyunda zədələnən və aylarla meydandan kənarda qalan futbolçunun hər an sıradan çıxa biləcəyini deyib. Onun fikrincə, yalnız böyük hücumçu transferi reallaşandan sonra Emrelini almaq olar.
Bu arada klub artıq birinci planı yerinə yetirib. Daha dəqiqi, Almaniya U-21-inin sabiq mərkəz hücumçusu Yanni Serranı icarəyə götürüb. Deməli, Mahirin “Nürnberq”ə keçidi an məsələsidi. Elə isə hadisələrin axarını izləyək.
KƏNAN BAHADIR