Bu həftə ölkəmizin avrokuboklardakı təmsilçilərindən təkcə “Sumqayıt” azarkeşlərini məyus etdi.
Murad Xaçayevin “qırmızı”sını hakim qərəzi kimi dəyərləndirənlər çoxdu. Amma komandanın aparıcı oyunçularını itirməsi nəticəsində belə vəziyyətə düşdüyü qənaətində olanlar da var.
Bəs oyunun qırılma nöqtəsi hansıdı, günah Muradda idi, yoxsa hakimdə?
Bu sualla “Kimyaçılar” fanklubunun rəhbəri Sənan Mirzəyevlə əlaqə saxladıq:
“Oyunun qırılma nöqtəsi haqsız yerə verilən qırmızı vərəqə idi. Əslinə qalsa, epizoda diqqətlə baxanda birinci sarı vərəqə verilməyə bilərdi. Çünki həmin epizod Muradın ilk folu idi. Aparıcı oyunçu biz kimə deyirik? Masaki, Ninqa ilə bərbad oynayıb uduzsaydıq, başqa suallar ortaya çıxacaqdı. Kim bu gün bizimlədisə, deməli, aparıcı oyunçular onlardı. Yəni deməyim odu ki, komandamız yaxşı futbol sərgilədi. Azarkeşlər arasında sorğu keçirdik oyundan sonra. Komandadan narazılar az idi. Hamı, yəni futbolu bilənlər “Sumqayıt”ın yaxşı oynadığını dedilər. Həmçinin zədəli futbolçularımız var idi. İsa Sulimanın, Kristian Velinovskinin olmaması da bizə ziyan vurdu. Yenə də növbəti oyuna hazırlaşıb, gücümüz çatana qədər vuruşacağıq. Komandama uğurlar arzulayıram”.
RÖYANƏ OĞUZ