“Bizim üçün əsas məqam stadionun Bakı kəndlərinə yaxın olmasıdı” - “Zirə”nin baş meneceri

22.07.2024 20:33 374
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşmanın məkanı kimi “Liv Bona Dea Arena”nı seçmişdi.

“Football-plus.az” xəbər verir ki, 6500 yerlik stadionda oyunu 4700 tamaşaçı seyr edib. Ki, bu da yaxşı göstərici sayılmır. Stadionun şəhərdən uzaqda yerləşməsi azarkeşlərin gediş-gəlişiniçətinləşdirir. Görəsən, “qartallar”ın bu görüşü Mərdəkanda yox, başqa bir stadionda keçirtmək variantı var idi? Ümumiyyətlə, klubdaxili müzakirələr zamanı başqa stadionların adı çəkilibmi? Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün qəsəbə təmsilçisinin baş meneceri Elman Himayətoğlu ilə əlaqə saxladıq:
“Kifayət qədər azarkeş gəlmişdi. Stadion tam dolmasa da, 5 minə yaxın tamaşaçı var idi. Doğrudu, bir az daha çox gözləyirdik. Əvvəlki avrokubok matçlarımız da bu stadionda olub və həmişə də tribunalar tam dolub. Yəni ən az tamaşaçı bu görüşdə oldu. Fəqət yenə də atmosfer çox yaxşı idi. Həm də burda məsafənin uzaqlığı əsas deyil. Çünki Zirə də uzaqdı. Mərdəkan Bakı kəndlərindən biridi və Zirəyə də yaxındı. Bizim üçün əsas məqam stadionun Bakı kəndlərinə yaxın olmasıdı. Yəni klub Zirəni təmsil edir və bura da ən yaxın stadion “Liv Bona Dea Arena”dı”.


KAMAL SƏFƏR