“Uzunmüddətli planlar qurur və bunu əsaslandırırlar” – PFL rəsmisi “Şəfa”nın 2-ci liqaya dönməsi haqda

19.07.2024 14:57 409
Ölkə futbolu / Manşet
“Şəfa”nın qarşıdakı mövsümdə 2-ci liqada mübarizə aparacağını dünən xəbər vermişdik.

Bilindiyi kimi, ötən mövsümün sonlarında klubda rəhbər dəyişikliyi baş verib. Belə ki, “AGAH Group”u “MY Group Holding” əvəzləyib və klubun bütün məsuliyyətini üzərinə götürüb. Elə mövsüm bitən kimi yeni rəhbərlik köhnə heyətlə yollarını ayırdı. Ardınca isə sonuncu iş yeri “Füzuli” olan Nadir Əliyev komandanın yeni baş məşqçisi elan edildi və bir sıra transferlər reallaşdırıldı. Amma “Hypers” ilə pley-off oyunlarının nəticəsinə görə “Şəfa”nın növbəti mövsüm Region Liqasında çıxış edəcəyi gözlənilirdi. “İrəvan”ın AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılması səbəbindən “Şəfa”nın yolu açıldı. Bir neçə klub 2-ci liqada çıxış edə bilmək üçün AFFA və PFL-ə müraciət ünvanlasa da, sonda “Şəfa”ya belə icazə verildi. Görəsən, niyə məhz “Şəfa”? Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Ötən mövsümün sonlarında “Şəfa”da rəhbər dəyişikliyi oldu. Bu dəyişikliklə həqiqi mənada işə yanaşmada fərq hiss olunmağa başladı. Təşkilati işlər, eləcə də komanda ilə bağlı gələcək planlar baxımından real addımlar atmağa çalışırdılar. Klub nümayəndələri ilə görüşlər bu gün də davam edir. Strategiyalarını daha möhkəm təməl üzərində qurmağa çalışır, uzunmüddətli planlar qurur və bunu əsaslandırırlar. Bütün bunlar nəzərə alındı, AFFA və PFL düşünü ki, bu kluba 2-ci liqada mübarizə aparmaq üçün daha bir şans vermək olar”.

KAMAL SƏFƏR