Avstriyanın Lints şəhərinin yaxınlığındakı Qaynberq qəsəbəsində toplanışını davam etdirən ''Qalatasaray'' ikinci yoxlama oyununu keçirib.
Türkiyə çempionu hələ ki, hazırlıq oyunlarında məğlubiyyətləri sıralamaqdadı. İlk görüşdə yerli LASK-a 2:3 hesabı ilə uduzan ''Cim-Bom'' bu dəfə Almaniyanın 2-ci bundesliqa təmsilçisi Düsseldorf ''Fortuna''sı önündə darmadağın olub! Okan Burukun komandası meydana bu ''11-lik''lə çıxıb: Batuhan Şən, Dyubua, Metehan Baltacı, Berkan Kutlu, Kön, Torreyra, Kərəm Dəmirbay, Tete, Mertens, Zaha, Batşuayi. İkinci hissədə Yusuf Dəmir, Ziyeş, Efe Akman, Oliveyra, Xəlil Dərvişoğlu, Kazımcan Karataş, Eyup Aydın, Əli Yeşilyurt, Gökdəniz Gürpüz, Ərən Aydın oyuna daxil oldu. İkardi komanda ilə məşqlərdə iştirak etsə də, fiziki cəhətdən hazır olmadığı üçün hələ ki, oyunlarda iştirak etmir.
İlk 25 dəqiqədə 2 top buraxan ''Qalatasaray'' 35-ci dəqiqədə Kərəm Dəmirbay və bir saatın tamamında Mertensin qolları ilə hesabi bərabərləşdirib. Amma Buruk sonlara yaxın gənc oyunçulara şans verincə, komanda pərən-pərən düşdü. ''Qalatasaray'' qalan müddətdə 3 top buraxaraq 2:5 hesabı ilə uduzdu. Komanda Avstriya toplanışında daha 3 oyun keçirəcək. İyulun 18-də ''Trençin'', 24-də ''Leççe'' və 27-də ''Parma'' ilə oyunlar nəzərdə tutulub.
ƏLİ