''Fənərbaxça'' Avstriya toplanışında son yoxlama oyununu keçirib.
Joze Mourinyonun komandası Fransa təmsilçisi ''Strasbur''la qarşılaşıb. İstanbul nəhəngi bundan əvvəlki yoxlama oyunlarında o qədər də inamlı təsir bağışlamamışdı. Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Rumıniya təmsilçisi ''Petrolul''u 2:1 yendikdən sonra Avstriyaya gələn komanda burda yerli ''Admira'' ilə 1:1 bərabərə qalmış və Xorvatiya təmsilçisi ''Hayduk''a 0:1 yenilmişdi. Nəhayət ki, ''sarı-lacivərdlilər'' Mourinyonun dönəmində fanatlarını inamlı qələbəylə sevindirdi.
''Fənərbaxça'' rəqibini 4 cavabsız qolla məğlub etdi. Özü də qolların hamısı ilk yarıya təsadüf etdi. 5-ci dəqiqədə Şimanski, 33-cü dəqiqədə Tadiç, 37-ci dəqiqədə Kent və 45-ci dəqiqədə Ceko fərqləndi. Bununla da ''Fənər'' Avstriya toplanışını tamamlayaraq Türkiyəyə qayıdıb. Hələ ki, ''Luqano'' ilə oyuna qədər başqa bir yoxlama matçı nəzərdə tutulmayıb. ''Fənərbaxça'' iyulun 23-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə ''Luqano'' ilə üz-üzə gələcək.
ƏLİ