“Zirə” tarixində 3-cü dəfə avrokuboklarda oynayacaqdı. Əlbəttə, bu mənada “qartallar”ı “Şerif”lə müqayisə etməyə dəyməz. Bu başqa məsələ ki, Rusiya – Ukrayna müharibəsi Tiraspol klubunun maliyyə durumunu xeyli çətinləşdirib, belə demək mümkünsə, bu komanda indi canı ilə əlləşir. “Zirə” nə maliyyə sıxıntısıyla yaşayır, nə də heyəti ciddi dəyişikliklərə məruz qalıb.
Üstəlik stadionda gözləniləndən qat-qat az azarkeşin toplaşması da bizimkilərin xeyrinə işləyən amil idi. Yəni “Şerif” üçün “doğma divarlar” amilinin rolu heçə enmişdi. “Qartallar” ilk təhlükəli hücumu 6-cı dəqiqədə reallaşdırdı. Akanın ötürməsindən sonra özünü cərimə meydançasına çatdıran Volkov əlverişli mövqedə olan Utziqə şans versə də, braziliyalı topa yiyələnə bilmədi. “Zirə”nin təzyiqi artıracağını gözləsək də, belə olmadı. Vaxt ötdükcə anladıq ki, Rəşad Sadıqov “Şerif”i də ənənəvi tərzdə yenmək istəyir: rəqibin hücumlarda fəallığına şərait yaradıb etibarlı müdafiə olunmaq və yorduqdan sonra qələbə topunu vurmağa can atmaq. Odu ki, “Şerif”in qol vurmaq üçün çabaladığı hücum cədlərini izlədik. 9-cu dəqiqədə Silva Badolonun uzaqdan cərimə meydançasına ötürdüyü topa yiyələndi.
Bu ərəfədə “Zirə” ərazi üstünlüyünü və meydan hakimiyyətini qorumaqda çətinlik çəkirdi. Rəqibin təzyiqi artırması “qartallar”ın qeyri-dəqiq ötürmələri və müdafiədə sıxlaşmasıyla müşayiət olundu. Volkov 15-ci dəqiqədə bəxtini sınasa da, Əl-Tuminin irəli atılaraq təhlükəni sovuşdurduğu epizodu saymasaq, qonaqların oyunu ümid vermirdi. Komandaların su fasiləsindən sonrakı durumu isə qənaətbəxş olmadı. Daha dəqiqi, futbolçuların addımları ağırlaşdı, qayda pozuntularının sayı artdısa, topu meydanda saxlamaq cəhdləri də faydasız olmağa başladı. Hətta Zebli Badoloya kobud müdaxilə üzündən “sarı” aldı. Hadisələrin axarı hər iki komandanın daha çox uzun ötürmələrə bel bağlamaq istəyrini büruzə verirdi. 34-cü dəqiqədə Yadenin ötürməsini baş zərbəsiylə qola çevirmək istəyən Akanbiyə Tyaqo mane oldu. “Zirə” növbəti qol fürsətini 38-ci dəqiqədə yaxaladı. Patanın yol verdiyi səhvdən sonra topu ələ keçirən Volkov dərhal Ceyhuna çatdırdı. Amma Nuriyevin qərarsızlığı vaxt itkisi və rəqibin onu tərksilah etməsiylə nəticələndi. “Şerif” birinci hissənin sonlarında daha təhlükəli çıxışla diqqəti çəkdi. Bu dəfə Aka Akanbini kobud müdaxiləylə yerə sərdi ki, Dudiç növbəti “sarı” üçün əlini cibinə atdı. Xoşbəxtlikdən Badolo cərimə zərbəsindən yararlana bilmədi. Daha doğrusu, onun topu göndərdiyi nöqtədə heç kim yox idi. “Şerif”in növbəti cəhdi isə daha təhlükəli oldu. Burda Akanbi ardıcıl üç dəfə “çərçivə”ni nişan alsa da, Ruanın etibarlı oyunu və Rüstəmin topu uzaqlaşdırması komandanı xilas etdi. Səmimi desək, ilk yarı baxımlı olmadı. Ya komandalar mövsüm ərzində ilk rəsmi oyununu keçirdiyindən süst idi, ya da Qura ilə Sadıqovun planları üst-üstə düşmüşdü.
İkinci hissə “Zirə”nin daha istəkli performansıyla start götürdü. 48-ci dəqiqədə Qismət topu Ceyhuna ötürdü. Belədə Nuriyev topu meydanda saxlamağı bacarmaqla yanaşı, cərimə meydançasına göndərə bildi. Təəssüf ki, Volkov vaxtında özünü topa çatdıra bilmədi, daha dəqiqi, Beyratş ona mane oldu. Ardından yaranan fürsəti isə Zebli ilə Ceyhun arasındakı anlaşmazlıq puç etdi. “Şerif” üçün yaranan şans 53-cü dəqiqəyə təsadüf etdi. Zeblinin Ademonu cərimə meydançası yaxınlığında yerə yıxması Dudiçin gözündən yayınmadı. Təyin edilən cərimə zərbəsini Akanbi yerinə yetirdi. Onun ilk cəhdini “canlı sədd”, ikincisini Silva dəf etdi. Tiraspolluların bir qədər sonra qazandığı şans isə Yadenin qeyri-dəqiqliyi üzündən puç oldu. 59-cu dəqiqədə Renato Allaşın qol vurmaq istəyinin qarşısını aldısa, Ademonun arzusu da yerinə yetmədi. Top onun qüvvətli zərbəsindən sonra qapının üzərindən keçdi.
Bu ərəfədə “Zirə”nin, demək olar ki, topsuz qalması, rəqibin təzyiqlə birgə təhlükəli vəziyyətlətin sayını artırması Sadıqovun əvəzetmələriylə müşayiət olundu. Oyunboyu özünü yaxşı tərəfdən göstərə bilməyən Ceyhun, “sarı”sı olan Zebli və yorğun Rüstəm meydandan alındı. Matç bir qədər durğun davam edənən sonra 70-ci dəqiqədə su fasiləsi verildi ki, belədə Qura da dəyişikliklər etdi. “Yeni qan” oyuna dərhal rəng qatmasa da, sonradan canlanmanın şahidi olduq. Əl-Tumi 79-cu dəqiqədə Qismətlə İssanın zərbələrini zərərsizləşdirdi. Dərhal əks-hücuma keçən “Şerif” də “qartallar”ı qorxuda bildi. Badolunun “çərçivə”yə tuşladığı topu Silva əla seyvlə kənara çıxardı. Bir qədər sonra Utziqin yerinə meydana çıxan Martins özünü dərhal yaxşı tərəfdən göstərməyə başladı. O, 86-cı dəqiqədə hesabı açmağa yaxın olsa da, tarazlığını saxlaya bilmədiyindən yerdə qaldı. Çox keçmədən yenidən fərqlənməyə can atan Juniora bu dəfə Miya imkan vermədi.
Nəhayət, 88-ci dəqiqədə “Zirə”yə qələbə gətirən qol vuruldu. Qismət meydanı tərk etmək üzrə olan topu qazanıb Sumaya, o isə Martinsə ötürdü. Braziliyanın zərbəsi “Şerif”in müdafiə xəttini yarmadan geri döndü və Volkovun önünə düşdü. Fürsəti dərhal dəyərləndirən futbolçu isə topu uzaq küncə göndərərək hesabı açdı – 1:0. Tiraspol təmsilçisi qalan zaman kəsiyində hesabı bərabərləşdirə bilmədi. Düzü, “qartallar”ın çıxışı bunun üçün fürsət də vermirdi. Beləliklə, “Zirə” Moldova səfərindən qələbə ilə qayıtdı. Cavab oyunu iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.
Gözdən qaçmadı
* Matç isti hava şəraitində keçirildiyindən Dudiç iki dəfə - 24-cü və 70-ci dəqiqələrdə su fasiləsi verdi
* “Zirə”ni 30 yaxın azərbaycanlı tərəfdar dəstəkləyirdi. Onlar tribunadan bayrağımızı asmışdılar. “Qartallar” azarkeş qrupu stadionda yox idisə, “Şerif”in “Ultras Şerif” fanklubu təxminən 15-20 nəfərlə tribunada idi.
* “CBC Sport”un yayın keyfiyyəti aşağı idi. Şərhçi Süleyman Vəliyev bunun UEFA-dan ötürülən siqnallarla bağlı olduğunu dedi.
* “Şerif” rəhbərliyi az sayda bilet satıldığını bildiyindən matçdan əvvəl dəfələrlə azarkeşlərə müraciət etmişdi. Görünür, cəhdlər fayda verməyib ki, 12746 tamaşaçı tutumuna malik “Şerif Arena”nın təxminən üçdəbiri dolu idi.
KƏNAN BAHADIR