Daha öncə Gürcüstan və Çexiya ilə oyunlarda etdiyi qurtarışlarla ''ay-ulduzlular''ın pley-offa yüksəlməsində mühüm rol oynayan təcrübəli əlcək sahibi bu dəfə də böyük alqış qazandı. İkinci hissənin əvvəllərində Arnautoviç ilə təkbətək mübarizədən qalib ayrılan Mərt son saniyələrdə isə uzun müddət unudulmayacaq bir seyv etdi. O, Baumqartnerin yaxın məsafədən başla zərbəsindən sonra inanılmaz şəkildə sıçrayaraq son anda topun tora daxil olmasına mane oldu. Bir çoxlarının fikrincə, bu, turnirin ən yaxşı seyvidi.
Mərtin bu performansı Avstriyanın baş məşqçisi Ralf Ranqnik tərəfindən də xoş sözlərə layiq görülüb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında Mərti əfsanəvi Qordon Benksə bənzədərək bunları deyib:
''Bərabərlik qolunu vurmaq üçün vaxtımız var idi. Bir neçə dəfə buna çox yaxınlaşdıq. Amma bu gün Türkiyənin qapısında Qordon Benks dayandığından bunu etmək çətin oldu''. Qeyd edək ki, 2019-un fevralında 81 yaşında dünyasını dəyişən Benks DÇ-1966-nın qalibi olmuş İngiltərə yığmasının önəmli simalarından idi. Amma ona populyarlıq qazandıran oyun 4 il sonrakı mundiala təsadüf etmişdi. DÇ-1970-də Benks Braziliya ilə oyunda Pelenin baş zərbəsini inanılmaz şəkildə dəf etmişdi. Həmin epizod bir çoxlarının fikrincə əsrin seyvi kimi tarixə düşmüşdü.
ƏLİ





