“Qəbələ” azarkeşləri gedənləri qınamadı

5.06.2024 14:54
Aktual / Ölkə futbolu
“Qəbələ” elitanı tərk etməsi bəzi oyunçuların da klubdan üz döndərməsinə səbəb oldu.

Belə ki, komandanın sabiq kapitanı Urfan Abbasovla önəmli oyunçularından olan Ülvi İsgəndərov karyerasını “Araz-Naxçıvan”da davam etdirməyə qərar verdi. Hər iki təcrübəli futbolçunun “Qəbələ”ni belə durumda tərk etmələrinə “qırmızı-qaralar”ın azarkeşlərinin münasibətini öyrənməyə çalışdıq. Görəsən, azarkeşlər buna görə futbolçulardan incidimi? Bu üzdən klubun “Red Black Army” azad azarkeş qrupunun rəhbəri Cavad Şərifovla əlaqə saxladıq:

“Komandanı tərk edən hər bir futbolçuya uğurlar arzulayıram. İnşallah, getdikləri komandalarda yaxşı nəticə qazanarlar. Hərənin bir fikri var. Qalsaydılar da sağ olsunlar, qalmadılar, yenə də sağ olsunlar. Mən hər bir qrup üzvünün ürəyini oxuya bilmərəm. Kim incikdi, kim yox, onu hər üzvümüz özü bilir”.
Komandanın tanınmış azarkeşlərindən olan Nəriman Təbrizə də bu mövzuyla bağlı tribuna verdik: “Yaşam səviyyəsi yaxşı bir durumda olan ölkə olsa, əlbəttə, qınaq obyektinə çevirmək olar. Çünki komandanın kapitanları gəmini bu vəziyyətdə atmamalıdı. Yəni “Yuventus”u biz hər sözümüzdə misal gətiririksə, normal ölkədə bu belədi. Ancaq nəzərə alsaq ki, dövlət tərəfindən ayrılan maliyyə 10 dəfə azalır və klubların büdcəsi istər-istəməz 8-9 dəfə azalmış olur. Futbolçunun da özünə görə xərcləri var, ailəsini dolandırmalıdı. Yəni belə vəziyyətdə hansısa futbolçunu komandada qalmadığına görə qınamaq, fikrimcə, düzgün deyil”.

KAMAL SƏFƏR