Ötən şənbə Çempionlar Liqasında 69-cu mövsümə yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, Londonun əfsanəvi “Uembli” stadionunda keçirilən mövsümün şah oyununda turnirin fenomeni “Real” mövsümün sürprizi “Borussiya”nı qəbul etdi. Janrın klassikasına uyğun olaraq zəif klub uzun müddət üstün oynasa da, titul sonda güclüyə qismət oldu...
“Borussiya” vurdu, vurdu, amma yıxa bilmədi
Komandaların start heyəti heç kimi təəccübləndirmədi. “Real”da əsas sual doğuran məsələ qapı xətti ilə bağlı idi. Amma Lunin oyundan bir müddət öncə qripə yoluxduğu üçün sanki öz əli ilə Karlo Ançelottini Kurtuaya şans verməyə vadar etdi. İlk 10 dəqiqə bərabər səviyyədə keçdi. Amma tədricən “Borussiya” sürəti və aqressivliyi artırmağa başladı. Xüsusilə sol cinahda Adeyemi çox fəal idi. O, həm müdafiəyə yardım edərək Karvaxala hücuma qoşulmağa imkan vermirdi, həm də bütün sürətli əks-hücumların mərkəzində yer alırdı. “Borussiya” “Real”ın pressinqindən və ötürmələrlə müdafiədən çıxmağı bacardığı anlarda həqiqətən də çox təhlükəli hücumlar qururdu. İlk yarının ortalarından etibarən Dortmund klubu “Real” fanatlarının ürəyini ağzına gətirməyə başladı. Əvvəlcə madridli müdafiəçilərin gözündən yayınan və oyundakənar vəziyyətə düşmədən təxminən 10 metrdən Kurtua ilə təkbətək çıxan Adeyemi inanılmaz fürsəti boşa verdi. O, “çərçivə”ni yaxşı bağlayan Kurtuanı keçmək istəyərkən topu özündən çox irəli buraxdı və sonda Karvaxal da ona mane oldu. Çox keçmədən bu dəfə Füllkruq Kurtua ilə duelə yollandı. O, çətinliklə topa çataraq sol ayağı ilə ona toxunmağı bacardı. Top dirəyə dəyərək meydana qayıtdı. Amma təkrarda Füllkruqun cüzi də olsa, müdafiəçilərdən irəlidə olduğunu görmək mümkün idi. Yəni top tora daxil olsaydı, böyük ehtimalla VAR işə qarışacaqdı. Dərhal sonra Zabitserin qüvvətli zərbəsini Kurtua çətinliklə dəf etdi. Bütün bu dəqiqələr ərzində sanki komandalar yerini dəyişmişdi. Çünki futbol dünyası bu cür oyunu “Borussiya”dan yox, “Real”dan gözləyirdi. İlk 45 dəqiqə ortaya qəribə, hətta tarixi rəqəmlər çıxardı. “Boruyssiya”da xG (qol gözləntisi) 1,68-ə bərabər oldu. Bu, müvafiq statistikanın aparılmağa başlandığı 2013-cü ildən bəri ÇL-in finallarının ilk yarısı üçün rekord göstərici oldu! Maraqlıdı ki, “Bavariya” yarımfinalda “Real”a qarşı iki matçın heç birində 90 dəqiqə ərzində bu cür göstəriciyə nail ola bilməmişdi. “Real”da isə ilk yarıda xG 0,08-ə bərabər oldu. Madrid nəhənginin ilk yarıdakı oyununu ən ideal təcəssüm edən məqam o oldu ki, komanda “çərçivə”yə bircə zərbə də vura bilmədi.
“Real” finalda məğlubedilməz olduğunu bir daha göstərdi
Fasilə daha çox “Real”ın xeyrinə oldu. Çünki komandanın həqiqətən də nə baş verdiyini təhlil etməyə, futbolçuların da üzlərinə su vuraraq güzgüdə özlərinə baxmağa ehtiyacları var idi. Əslində “Kral klubu”nun fasilədən dərhal sonra irəli atıldığını söyləmək olmaz. Amma komanda yavaş-yavaş özünü meydanda daha rahat və inamlı hiss etməyə başladı. Künc zərbəsindən sonra Karvaxalın qapının üstündən keçən baş zərbəsi az sonra olacaqların xəbərçisi idi. Kroosun təhlükəli cərimə zərbəsini isə Kobel dəf etdi. Dəqiqələr irəlilədikcə isveçrəli qapıçıya daha çox iş düşürdü. Artıq əvvəlki “Borussiya”dan əsər-əlamət qalmamışdı. Həm də komanda ilk yarıda elə bir temp təklif etmişdi ki, bunu bütün 90 dəqiqəyə yaymaq mümkünsüz idi. Terziç oyuna ilk müdaxiləsini edərək ora-bura qaçmaqdan yorulan Adeyemini fanatların sevimlisi Roys ilə əvəzlədi. Amma belə oyunda Roysun “Borussiya”ya faydası dəyə bilməzdi. Çünki komanda topu özündə saxlaya bilmirdi. “Real”ın aramsız hücumlarının kuliminasiya nöqtəsi 74-cü dəqiqəyə təsadüf etdi. Bu dəfə çoxsaylı standart zərbələrdən biri bəhrə verdi. Klub karyerasında son oyununa çıxan Kroosun künc zərbəsindən yaxın küncə asmasını Karvaxal əla baş zərbəsi ilə tamamladı. “Borussiya” bu dəqiqələrdə özünəinamı itən və nokauta düşməmək üçün özünü güclə saxlayan boksçuya bənzəyirdi. Terziç əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, Malen ilə Alle də “Borussiya”ya süni nəfəs verə bilmədi. 83-cü dəqiqədə isə Maatsen sanki komandasının əziyyət çəkdiyini görərək “süni nəfəs aparatını söndürdü”... Onun geriyə yanlış ötürməsini Bellingem ələ keçirdi. İngiltərəli gənc ulduzun ötürməsindən sonra Vinisius yekun nəticəni müəyyənləşdirdi. Beləcə “Real” yaxşı oynamadığı finalda da rahat qələbə qazanaraq ÇL-in finallarında məğlubedilməz olması barədə mifi bir qədər də gücləndirdi! Halbuki “Borussiya” ilk yarıdakı fürsətlərdən birini qola çevirsəydi, bəlkə də hər şey başqa cür olardı. “Borussiya” Yürgen Kloppun da izlədiyi finalda 2022-də “Liverpul”un səhvini təkrarlayaraq əlinə düşən şansları dəyərləndirə bilmədi. “Blankos” ilə oyunda isə bu, intihara bərabərdi. Sonda onu da bildirək ki, avqustun 14-də Varşavada keçiriləcək Avropa superkuboku uğrunda oyunda “Real” ilə “Atalanta” üz-üzə gələcək.
Yeri gəlmişkən...
Final faktiki bir neçə dəqiqə gec başladı. Çünki start fitindən dərhal sonra meydana üç azarkeş daxil oldu. Onlardan biri Vinisiusla şəkil çəkdirdisə, digəri Ronaldonun məşhur qol sevincini nümayiş etdirdi. 3-cü isə özü üçün ora-bura qaçdı. Onların köynəyinin üzərində “Mellstroy” sözünün olması diqqətdən qaçmadı. Bu, belaruslu strimer Andrey Burimin təxəllüsüdü. O, təqibçilərinə dünyanın ən qəribə göstərişlərini verir və bunun qarşılığında onlara küllü miqdarda pul vəd edir. Məsələn, Burim ÇL-in finalında üzərində “Mellstroy” yazılan köynəklə meydana çıxacaq şəxsə 30 milyon rubl (təxminən 570 min manat) vəd etmişdi. Bir müddət öncə Kilian Mbappe də ona salam göndərmiş və bunu təşkil edən şəxs də eyni məbləği qazanmışdı. Onun başqa çellencləri də olub. Məsələn, dünyanın ən məşhur blogeri “MrBeast”in səhifəsində kimsə Burimə salam göndərsə, 37,5 milyon rubl, Everestin zirvəsinə onun şəkili və ya adı ilə çıxan 45 milyon rubl qazana bilər. 25 yaşlı Burim hərbi xidmətdən yayındığı üçün həm Belarusda, həm də Rusiyada axtarışdadı. Onun hazırda Türkiyədə yaşadığı güman olunur.
final
Borussiya D – Real 0:2 (0:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Maatsen, Zabitser, Əmrə Can (Malen, 80), Sanço (Bayno-Gittens, 87), Brandt (Alle, 80), Adeyemi (Roys, 72), Füllkruq.
Real (Madrid, İspaniya): Kurtua, Karvaxal, Rüdiger, Naço, Mendi, Kamavinqa, Valverde, Kroos (Modriç, 85), Bellingem (Xoselu, 85), Rodriqo (Militao, 90), Vinisius (Vaskes, 90).
Qollar: Karvaxal, 74 (0:1). Vinisius, 83 (0:2).
Vərəqələr: Vinisius, 35. Şlotterbek, 40. Zabitser, 43. Hummels, 79 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
1 iyun. London. 86212 tamaşaçı.
oyunun statistikası
13 (3) qapıya (“çərçivə”yə) zərbə 13 (6)
9 künc zərbəsi 8
1 ofsayd 0
12 qayda pozuntusu 8
3(0) sarı (qırmızı) vərəqə 1(0)
46 topa sahibolma (faizlə) 54
Faktlar
* “Borussiya” tarixində 3-cü dəfə ÇL-in finalında oynadı və 2-ci dəfə məğlub oldu. Komanda yeganə titulunu 1997-də finalda “Yuventus”u yenərək (3:1) qazanıb. 2011-də yenə də “Uembli”də keçirilən finalda dortmundlular “Bavariya”ya uduzmuşdular (1:2).
* “Real” tarixində 18-ci dəfə ÇK/ÇL-in finalında oynadı və ardıcıl 9-cu, ümumilikdə 15-ci dəfə finaldan qalib ayrıldı. Komanda bu turnirin finalında yalnız 1981-də “Liverpul”a (0:1), 1964-də “İnter”ə (1:3) və 1962-də “Benfika”ya (3:5) uduzub. Bu turnirdə titul sayına görə 2-ci pillədə “Milan” (7) qərarlaşıb.
* “Real” tarixində 5-ci dəfə (1957, 1958, 2017, 2022, 2024) bir mövsümdə həm ÇL-i, həm də La Liqanı qazamdı. Son iki belə mövsüm Ançelottinin dönəminə təsadüf edib. Maraqlıdı ki, “Real” hələ də tarixi ərzində “trebl” qazana bilməyib!
* İspaniya klubları 20-ci dəfə ÇL-i qazandılar. Bunlardan 15-i “Real”ın, 5-i “Barselona”nın hesabındadı. İngilislər bu titulu 15, italyanlar 12, almanlar 8 dəfə qazanıb.
* İspaniya klubu ardıcıl 19-cu dəfə avrokubokun finalında başqa ölkə təmsilçisinə uduzmadı! İspaniya klubunun başqa ölkə təmsilçisinə finalda uduzmasına sonuncu dəfə 2000/01-də rast gəlinib. Həmin vaxt ÇL-in finalında “Valensiya” penalti seriyasında “Bavariya”ya, “Alaves” isə UEFA kubokunun finalında “Liverpul”a (4:5) boyun əymişdi.
* Ançelotti məşqçi kimi ÇL-i 5-ci dəfə qazanmaqla özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. O, bunlardan 3-nü “Real” (2014, 2022, 2024), 2-ni “Milan” (2003, 2007) ilə qazanıb.
* Ançelotti məşqçi karyerasında 29-cu, “Real”ın başında 13-cü titulunu qazandı. Bu göstəricidə o, klub tarixində yalnız Migel Munyosdan (14) geri qalır.
* “Real” tarixində ilk dəfə mövsümün gedişində məğlub olmadan ÇL-i qazandı. Komanda 2023/24-də ÇL-də keçirdiyi 13 oyundan 9 qələbə, 4 heç-heçə ilə ayrıldı. Amma bu, İspaniya klubları arasında ilk deyil. “Barselona” da 2005/06-da ÇL-i uduzmadan qazanmışdı (9 qələbə, 4 heç-heçə).
* Modriç və Naço “Real”da 26-cı titullarını qazanmaqla klub tarixində yeni rekorda imza atdılar. Əvvəlki rekord hərəyə 25 titul qazanmış Benzema ilə Marseloya aid idi. Onu da bildirək ki, Naçonun adı 2014-də Avropa superkuboku uğrunda oyunun iştirak ərizsəində olmadığı üçün bəzi mənbələr onu bu turnirin qalibi hesab etmir.
* Kroos, Modriç, Karvaxal və Naço 6-cı dəfə ÇL-in qalibi oldular. Bu mövsümə qədər yalnız bir futbolçu – “Real”ın əfsanəsi Pako Xento bu turnirin yeganə 6 qat (1956, 1957, 1958, 1959, 1960, 1966) qalibi statusunda idi. İndi belə futbolçuların sayı 4-ə çatıb.
* Kroos “Real”da sonuncu – 465-ci oyununu keçirdi və yubiley - 300-cü qələbəyə sevindi (28 qol, 90 məhsuldar ötürmə). O, 10 il ərzində Madrid nəhəngində 23 titul qazandı.
* 23 yaş 325 günlüyündə fərqlənən Vinisius ÇL-də ardıcıl iki finalda qol vurmuş ən gənc futbolçuya çevrildi. O, 2022-də “Liverpul”a qarşı finalda (1:0) da fərqlənmişdi. “Sambaçı” Lionel Messiyə aid rekordu yenilədi. Leo 2009 və 2011-ci illərdəki finallarda fərqlənmişdi. 2011-də “Mançester Yunayted”in qapısına yol taparkən o, 23 yaş 338 günlük idi. Bundan başqa Vinisius ÇL-də iki fərqli finalda qol vuran ilk braziliyalı futbolçu kimi də tarixə düşdü!
* Bellingem ÇL-də ardıcıl 32-ci oyunda start heyətində meydana çıxdı. O, 21 yaşa çatmadan bu göstəriciyə nail olaraq İker Kasilyasa (ardıcıl 31 oyun) məxsus rekordu yenilədi.
Reaksiyalar
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi: