AFFA İcraiyyə Komitəsinin iclasından sonra məlum oldu ki, 2024/25 mövsümündə də premyer-liqada 10 komanda mübarizə aparacaq.
Bu isə o deməkdi ki, sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən 1-ci liqada mübarizə aparacaq. “Qırmızı-qaralar” 36-cı turda səfərdə "Sumqayıt"a 0:1 uduzandan sonra baş məşqçi Kaxaber Sxadadze belə dedi:
“Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdı ki, premyer-liqaya qayıtsın”.
Dünən isə “Qəbələ” 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni müqavilə imzalayıb. Sxadadze və köməkçisi Georgi Çixradadze 2027-ci ilin yayına qədər “Qəbələ” də çalışacaq. “Qırmızı-qaralar”ın çalışdırıcısı bir ilə komandanı elitaya qaytara biləcəkmi? Təcrübəli mütəxəssis Aslan Kərimovun bu suala cavabı:
“Qeyd etmək lazımdı ki, 1-ci liqa ilə premyer-liqa arasında çox fərq var. Elitaya qalxmaqdan ötrü çox da böyük əziyyət çəkmək lazım deyil. Normaldan bir qədər artıq büdcə düzəldə bilirsənsə, bu rəqabətdə 1-ci olmaq o qədər də çətin məsələ sayılmır. Səhv etmirəmsə, normalda üç yüz min manat büdcədi. Bu il bəzi klublar sponsor köməyi ilə büdcəni 400 minə gətirib çıxarmışdı. Ən azı bir milyonluq büdcə ayrılsa, yüz faiz premyer liqadasan. Bu o qədər də çətin məsələ deyil. Komandanın bəlli bir sütununu qoruyub-saxlasalar, təbii ki, bir ilə elitaya qalxacaqlar. Sxadadzenin komandada qalması büdcənin olacağından xəbər verir. Bu inandırıcı bir iddiadı”.
ƏSƏD SEYİDOV