“Real”da keçirdiyi 10 ildə uğurlu ötürmələrinin faizi heç vaxt 92-dən aşağı düşməyib
Artıq xəbər verdiyimiz kimi, Toni Kroos gələn ay start götürəcək Avropa çempionatının ardından karyerasını bitirəcəyini elan edib. Yəni “Real”ın almaniyalı yarımmüdafiəçisi üçün vətənində keçiriləcək qitə birinciliyi son “dayanacaqdı”. Toni futboldan karyerasının zirvəsində gedir: o, cari mövsümdə komandanın əsas oyunçularından biridi (bütün turnirlərdə oyun vaxtına görə 6-cı yerdədi), “Real”ın növbəti dəfə Çempionlar Liqasının finalına çıxmasına yardım edib (təkcə elə “Bavariya” ilə ilk yarımfinal oyununda Vinisiusa verdiyi möhtəşəm ötürməni xatırlamaq kifayətdi) və hətta AÇ-dən sonra vidalaşdığı yığmaya da parlaq şəkildə dönüb – iki yoldaşlıq oyununun hər birində məhsuldar ötürmə verib. Kroos ilə birgə Avropa futbolundan bütöv bir epoxa gedir: almaniyalı mühafizəkar köhnə məktəbin sonuncu rəmzlərindən biri, futbolu insanlara sevdirən mentallığın daşıyıcısıdı.
Toni meydanda həmişə ötürmələrin qeyri-adi dərəcədə dəqiqliyi ilə seçilib:
“Real”da keçirdiyi 10 ildə uğurlu ötürmələrinin faizi heç vaxt 92-dən aşağı düşməyib. Sanki meydandakı adam yox, neyroşəbəkədi. Bu möhtəşəm rəqəm yarımmüdafiəçinin sakitliyindən yaranıb – adama elə gəlir ki, o, ümumiyyətlə, meydanda yaşananlara görə qətiyyən narahat olmur. Kroos özü dəfələrlə emosiyaları idarə və onları özünə tabe etdirməyin nə qədər vacib olması haqda danışıb. “Real”ı qarşıda hansı oyunun – Çempionlar Liqasının finalının və ya “Kadis”lə qarşılaşmanın gözləməsinin onun üçün önəmi yoxdu: almaniyalı ulduz həmişə maksimal dərəcədə konsentrasiyalıdı: “Emosiyalar ya buludların üzərində, ya da plintusdan aşağı olur. Mən isə belə deyiləm – emosional cəhətdən həmişə ortada dayanıram”.
Toni “dondurucu” sakitliyi üzündən meydanda heç vaxt emosiyalarını açıq-aşkar göstərməyib – hətta qol vuranda və titullar qazananda da. Əksər futbolçular üçün qolu bayram etmək kiçik bir tamaşadı, onlar həmin məqamlarda özünü şoumen kimi göstərə bilər. Ancaq bu sözlər qətiyyən Kroosa aid deyil. O, həddini aşan sevinc hissində qeyri-səmimilik görür: “Məşq edilmiş rəqslər, xoreoqrafiya elementleri – bütün bunları axmaqlıq sayıram. Bundan başqa, bəzi oyunçular getrdə nəyisə gizlədir. Obameyanq bir dəfə qolu bayram edərkən maska geymişdi. Bunlar mənim üçün artıq şeylərdi. Qrizmannın sinəsini gərməsi kimi, bunlar da gənclər üçün yaxşı nümunə deyil. Herd Müllerin qolu bayram etməsi həmişə xoşuma gəlib. O, sadəcə, tullanır, tumanını dartırdı və bu tər-təmiz sevinc idi, başqa heç nə. Qol vuranda öz içimdə çox xoşbəxt oluram, ancaq bunu büruzə vermirəm”.
“Qərarlar pul naminə verilirsə, futbol üçün ağır dönəm başlayır”
Kroos Herd Mülleri nümunə göstərsə də, özü də həmin köhnə epoxada yaxşı görünərdi. Kənardan baxanda o, doğrudan da 1960-70-ci illərin ruhuna uyğun gəlir: xarici görgəminin əsas detalı 2010-cu ildən bəri geydiyi butslardı. Bu müddətdə lazım gələndə yalnız cırılanları yenisi ilə əvəz edib, ancaq modeli heç vaxt dəyişməyib. 10 ildən artıqdı ki, ağ rəngli “adidas Adipure11 Pro 2” modelini geyir. Üstəlik butsların bütün qayğılarını öz üzərində götürüb: oyundan əvvəl hazırlayır, oyundan sonra təmizləyir. Müasir futbolçu üçün dəlilik kimi görünsə də, belədi: “Mən hələ “Real”ın bir oyunçusunu da görməmişəm ki, butslarını özü təmizləsin, oyuna hazırlasın. Butslarım mənim üçün meydanda çox vacib elementdi. Yalnız bu modeldə özümü çox rahat hiss edirəm. Bunun səbəbini bilmirəm. Bəlkə də materialına və rənginə görədi. Bəzi futbolçular yeni butsları alandan bir gün sonra artıq onunla meydana çıxa bilir. Mən isə belələrindən deyiləm, özümü rahat hiss etməliyəm”.
Kroos futbolçu geyiminin başqa elementlərinə də belə həssas yanaşır. Məsələn, son illərdə çox populyarlaşan polo-futbolkalar onu dəliyə döndərir. Almaniyalı futbolçu bu məsələ ilə bağlı deyinməkdən yorulmur. Ənənəvi, rahat cersinin yenilənməsinin səbəbini heç cür anlaya bilmir: “Boyunluqlu futbolkalar narahatdı və gözəl görünmür. Yuxarıda iki düyməsi də var. Daha bir neçə düymə və artıq meydana köynəklə çıxırıq...”
Aydın məsələdi ki, Toni böyük məmnunluqla heç bir forma və buts rəngarəngliyinin olmadığı ötən əsrin ortalarının futboluna köçmək istəyərdi. Onda hər şey maksimal dərəcədə mühafizəkar görünürdü. Ancaq həmin dövrün daha böyük məmnunluğu böyük pulların dövr etməməsi ilə bağlı ola bilərdi: Kroos milyardların futbol dünyasının xəritəsini dəyişməsinin və gənc futbolçuları böyük qazanc naminə “arzularını baltalamağa” məcbur etməsinin əleyhinə olanlardandı: “Qərarlar pul naminə verilirsə, bildyimiz və sevdiyimiz futbol üçün ağır dönəm başlayır”.
Yarımmüdafiəçinin mentallığı birmənalı şəkildə onu olmaq istədiyi mövqeyə gətirib çıxardı – Kroos “Real”ın bütü və dövrümüzün ən dahi futbolçularından biridi. Hələ yaxınlara qədər onun “Qızıl top”a layiq olduğunu deyirdilər, indi isə artıq karyerasını bitirməsinə hazırlaşırlar. Fikirlərində bunca sərtlik olmadan Toni, çətin ki, meydanda soyuqqanlı futbolçuya çevrilərdi. Demək olar ki, onun kimilər müasir futbolda qalmayıb. Amma ona yalnız müasirlikdən narazı qalan deyingən kimi baxmaq olmaz. Kroos səmimiliyi və istiliyi ilə seçilən köhnə futbol məktəbinin təcəssümüdü. Onun gedişi ilə həmin epoxadan bir qədər də uzaq düşəcəyik.