Misli premyer-liqasının 31-ci turunun son matç günündə “Sabah” “Kəpəz”i 2:1 hesabıyla məğlub edib.
“Football-plus.az” xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Sizi xorvatiyalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Futbolçularımı təbrik edirəm. Oyunu iki hissəyə bölmək lazımdı. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi ki, üç xalı əldə edə bildik.”
- İki həftə ərzində iki dəfə Tovuzda süni örtüklü meydançada oynadız. Bu oyununuza necə təsir edir?- Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer-liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdı. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil.
- Oyunöncəsi məşqi burada etməməyinizin səbəbi nədi?- Bu barədə çox pis təcrübəm var. Belə olan halda 2-3 oyunçu zədələnə bilər. Buna görə də risk etmək istəmirəm.
- Avrokuboklar uğrunda oynayan komanda müdafiədə kobud səhvlər edir. Arxa xətt oyunçularının performansını necə dəyərləndirirsiniz?- Müdafədə sadəcə 4 futbolçu oynamır. Bütün komanda onlara kömək etməlidir. Mərkəzdə boşluqlar verirdik. Müdafiədəki problemlərin səbəbi bununla bağlıdı.
- Növbəti mövsüm üçün komandaya xorvatiyalı futbolçular gətirmək planınız var?- Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçunu bura gətirə bilərəm.