Canni de Byazi ayrılandan sonra milli komandanın baş məşqçi postu hələ də boş qalıb.
Elə o vaxtdan bəri boş qalan postla bağlı bir sıra fikirlər irəli sürülür. Futbol ictimaiyyəti yığmanı çalışdıracaq növbəti məşqçinin yerli mütəxəssis olmasının vacibliyini bildirsə də, çox güman, AFFA yenə də əcnəbiyə üstünlük verəcək. Bəs həmin əcnəbi mütəxəssisin postsovet məkanından, yoxsa Avropanın başqa ölkələrindən olması daha məqsədəuyğundu? Xüsusən də Roman Qriqorçuk və Stanislav Çerçesov kimi məşqçilərin adı milliylə hallanır. Bu barədə fikirlərini öyrənmək üçün futbol adamlarına tribuna verməyi lazım bildik.
Emil Şükürov (skaut):
“Böyük ehtimalla əcnəbi məşqçi gətiriləcək. Burda əsas məsələ kimin milli komandaya rəhbərlik etməsində yox, hansı futbolçularla işləməsindədi. Millidə olan futbolçular hazırda performanslarının pik həddində olduqları yaşdadı. Bu futbolçuları tanıyan məşqçinin milliyə rəhbərlik etməsi daha məqsədəuyğun olar. Həm də nüfuzlu məşqçinin olması mütləqdi. Qriqorçukla Çerçesovu hazırda münasib namizəd saymıram. Çerçesov yalnız Rusiya milli komandasına rəhbərlik edib, o da Rusiyada keçirilən DÇ-2018 ərəfəsində (2 il əvvəl və sonra). Qriqorçuk, ümumiyyətlə, milli komandalara rəhbərlik etməyib, baxmayaraq ki, klub səviyyəsində uğurları var və bizim futbola bələddi. Məncə, bir nömrəli seçim yerli məşqçi olmalıdı və ona ən azı iki seçmə mərhələdə vaxt verilməlidi. Yox, futbolumuzun rəhbərləri düşünsələr ki, yerli məşqçilərdə bu potensial yoxdu, onda Bora Milutinoviç, Herve Renar kimi məşqçilərə təklif göndərilməlidi”.
Ceyhun Sultanov (mütəxəssis):
“Bundan sonra milliyə kimin baş məşqçi gətirilməsi mənim üçün önəmli deyil. Çünki potensiala baxıb məşqçi gətirirlər. Bu gün kim gəlir-gəlsin, istər Çerçesov, istər Qriqorçuk, istərsə də postsovet ölkəsindən olmasın, lap hardan olur-olsun, məşqçinin potensialı buna imkan vermirsə, kimin gəlməsinin heç bir xeyri yoxdu. Məncə, indiki dönəmdə AFFA rəhbərliyi bunu daha yaxşı bilir”.
KAMAL SƏFƏR