Yığmanın baş məşqçisi vəzifəsi ətrafında müzakirələr davam edir. Artıq aydındı ki, AFFA yenə də yerli məşqçiyə güvənməyəcək.
Hazırda həm postsovet məkanından, həm də Avropanın başqa ölkələrindən olan namizədlərin adı çəkilir. Ümumiyyətlə, postsovet məkanından, yoxsa Avropanın başqa ölkələrindən mütəxəsis gəlsin? “Football-plus.az”ın bu sualını Yunis Hüseynov cavabladı:
“Əlbəttə, mən yerli mütəxəssisin tərafdarıyam. Çıxışlarımda da həmişə demişəm ki, yerli mütəxəssisin olması daha yaxşıdı. Bilirsiz ki, bizdə futbolçu seçimi o qədər də geniş deyil. Olan futbolçular göz qabağındadı. Yerli mütəxəsis olmayacaqsa, istər postsovet məkanı olsun, istərsə də Avropa ölkələri - fərq etməz. Yerli mütəxəssis olsa, daha yaxşı olar, cünki futbolçularımızı tanıyır, psixologiyamızı yaxşı bilir və həmişə Bakıda olur. Əcnəbi mütəxəssislər 10 gün burda, 20 gün öz ölkələrində olurlar, cempionat oyunlarını o qədər də izləmirlər. Amma yerli mütəxəssislər oyunları izləyə, seçim edə bilirlər. Həm də yerli mütəxəssis fikirlərini əcnəbidən fərqli tərcüməçisiz çatdıra bilər. İnanmıram ki, hansısa başqa ölkədən gələn mütəxəssis burda nəticə əldə edə bilsin”.
ELMİN