Premyer-liqada sonuncu yerdə qərarlaşan “Qəbələ” dünən ölkə kubokunda yarımfinal oyununa çıxdı.
"Football-plus.az" xəbər verir ki, görəsən, iki cəbhədə mübarizə aparmaq klubun potensialını zəiflətmirmi? AFFA-ya yeni rəhbərlik gələndən sonra ölkə çempionatında format məslələrində dəyişiklik olacağı gözlənilir. Komanda sayı artırılarsa, bunun sayəsində “Qəbələ”nin elitada qalmaqla bağlı ümidləri varmı? Bu sualımızı klubun idman direktoru Səbuhi Səfiyarlı cavabladı:
“İndi durumumuz istədimiz kimi deyil. Daha yaxşı ola bilərdi. Amma son oyunlarda yaxşı çıxış edirik. Buna görə nəticə qazanmağa ümidimiz var. Kubokun yarımfinalında oynayacağıq. İki cəbhədə mübarizə aparmaq həmişə çətindi. Tək bizim üçün yox, bütün ortabab klublar üçün də heç asan olmur. Adətən, klublar mövsümün gedişində baxırlar, hansı tərəfdən hədəfə daha yaxındılarsa, ona istiqamətlənirlər. Bizim vəziyyətimiz elədi ki, kuboka gücü verib, çempionatı boş buraxa bilmərik. Çünki premyer-liqada qalmaq istəyiriksə, xallar qazanmalıyıq. Amma yarımfinala qədər gəlib, cəmi iki oyun sonra finala çıxa biləriksə, kubokdan da imtina edə bilmərik. Düzdü, bizim üçün heç də asan olmayacaq. Amma kuboku da boşa verə bilmərik. Hətta Avropa Liqasına getmək şansımız var. Buna boş yanaşsaq, azarkeşlərimiz bizi anlamaz. Ona görə də hər iki cəbhədə sona qədər mübarizə aparıb, mümkün qədər daha yaxşı nəticələr əldə edib, heç birini qurban verməməyə çalışacağıq. Hələ vəziyyətimiz o səviyyədə deyil ki, hansısa format məsələlərində dəyişikliyə ümid edək. Çempionatda 8 oyunumuz qalıb. Komandamızın oyunu da tam ümidsiz deyil. Hansı klubun qalıb-qalmayacağını indidən bilmək olmaz. Ümumiyyətlə, kollektiv olaraq, elitadan düşməyi müzakirə etmirik. Çünki inamımız sonsuzdu. Premyer-liqada öz nəticələrimizlə yerimizi qoruyacağıq. Razıyam ki, ölkə futbolunda böyük dəyişikliklərə ehtiyac var. Təkcə premyer-liqada yox, başqa liqalarda və uşaq futbolunda da böyük dəyişiklik olmalıdı. Komanda sayı artırılsa, ona görə elitada qala bilmək ehtimalına ümid etmirik. Öz gücümüz hesabına premyer-liqada qalacağıq”.
GÜNAY SÜLEYMANOVA