“Bəli, "Qarabağ"ı qoruyurlar" - Adil Şükürov 1:6-dan sonra dediklərinə aydınlıq gətirdi

1.04.2024 14:00 1 699
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 28-ci turunun "Kəpəz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin əzici qələbəsi (6:1) və çempionluğu erkən təmin etməsi ilə yadda qaldı. Oyunsonrası mətbuat konfransında isə "sarı-göylər"in baş məşqçisi Adil Şükürovun dedikləri diqqəti çəkdi.

Görəsən, o, "Azərbaycan klubları "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır" deməklə nəyə eyham vurdu? Yəni rəqiblər "köhlən atlar"a qarşı qayda pozuntusu etməkdən çəkinir? Yoxsa tam gücünü ortaya qoymur? Bəlkə Adil bəy ağdamlılara hansısa simpatiyanın olduğunu düşünür?

Belədə ən dəqiq cavabı özündən soruşmağa ehtiyac duyduq. Şükürov "Football-plus.az"a belə dedi:

"Əvvəl bildirim ki, dediklərim başda öz komandam olmaqla hər kəsə aiddi. Bəli, "Qarabağ"ı qoruyurlar. Bu rəqibə qarşı sərt, aqressiv və dinamik oyun görmürük. Futbolçular cəza almaqdan və ya futbolçunu zədələməkdən çox çəkinir. Əlbəttə, kiməsə bəxtsizlik arzulamırıq. Lakin adi epizodlarda belə bu amilləri ön plana çıxarmaq oyunun tempinə təsir edir. Komandam meydanda bütün gücünü qoymalı, heç kimdən çəkinməməlidi. Hücum futbolu istəyiriksə, sərt və aqressiv olmağı da bacarmalıyıq və burda rəqibin kimliyinin fərqi olmamalıdı".

KƏNAN BAHADIR