"Kəpəz" "Sumqayıt"ın pulsuz "Kapital Bank Arena" təklifinə "yox" deyib? - AÇIQLAMA

25.03.2024 04:00 1 296
Ölkə futbolu / Manşet
"Kəpəz" Gəncə şəhər stadionunda həyata keçirilən təmir-bərpa işləriylə bağlı didərgin düşüb. "Sarı-göylər" Misli premyer-liqasının 28-ci turunda "Qarabağ"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəksə, növbəti ev oyunlarını Tovuzda keçirəcək. Amma və lakin...

Bir neçə gün öncə mətbuat və sosial şəbəkələrdə yayılan iddia diqqətimizi çəkdi. Kuluarlarda gəzən söz-söhbətə inansaq, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiriyə zəng edərək gəncəlilərin "Kapital Bank Arena"ya "köçə biləcəyini" və buna görə hansısa maddi tələblərinin olmadığını deyib. İlqar bəy buna razı olsa da, baş məşqçi Adil Şükürovun etirazı sövədələşməyə mane olub.

Məlumatın doğru olub-olmadığını öyrənmək məqsədilə "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Məlumatlarla tanışıq. Rəhbərlik bu yöndə iddiaları qəbul etmir. Nə "Kəpəz"dən bizə müraciət daxil olub, nə də biz hansısa təkliflə çıxış etmişik. Bilindiyi kimi, məşqlərimizi "Kapital Bank Arena"da keçirik. Bura təbii ot örtüklüdü. Məncə, istəmərik ki, əlavə yük olsun və qazon vaxtından əvvəl sıradan çıxsın. Ümumiyyətlə, "Kəpəz"lə "Sumqayıt" arasında bu yöndə hansısa danışıq olmayıb".

KƏNAN BAHADIR