Yığmanın baş məşqçisi Samir Əliyev mətbuata açıqlamasında futbolçularının əksəriyyətinin əsas liqada oynamadıqlarına görə narahat olduğunu bildirib. Buna baxmayaraq komandaya qoşulan yeni simalar var.
Belə ki, əsas millinin gənc futbolçuları Nəriman Axundzadə, Emil Səfərov və Cəlal Hüseynov bu oyunlarda U-21-in heyətində çıxış edəcək. Yığmadakı əhval-ruhiyyəsini öyrənmək üçün komandanın kapitanı Fərid Yusifli ilə danışdıq. Onun “Football-plus.az”a dedikləri:
“Hər oyuna qələbə üçün çıxacağıq. Rəqiblərimizin çox güclü olduğunu bilirik, amma qorxmuruq, çəkinmirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yeni gələn oyunçuların hər birinin komandanın gücünə güc qatacağını düşünürəm”.
Xatırladaq ki, U-21 bu gün İngiltərə, martın 26-da Ukrayna ilə qarşılaşacaq və hər iki oyun "Azersun Arena"da keçiriləcək.
KAMAL SƏFƏR





