Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” səfərdə “Bayer-04”lə qarşılaşacaq. Rəqibin cütün aşkar favoriti olduğu aydındı.
Amma Qurban Qurbanov və komandası də dəfələrlə futbolsevərləri təəccübləndirməyi bacarıb. Görəsən, Xabi Alonsonun 36 oyunluq məğlubiyyətsizlik seriyasına malik olan “alman maşını”nın qarşısını necə almaq olar? Ağdam təmsilçisi necə oynamalıdı ki, növbəti mərhələyə adlamağın mümkünlüyünə ümid edə bilək? Erkən qol buraxmaq yekun uğur baxımından nə dərəcədə önəmli olardı? Bu sualları Emil Şükürova ünvanladıq.
“Öncəliklə “Qarabağ”a “Bayer-04”lə oyunda uğurlar arzulayıram. “Bayer-04”ün “Volfsburq”a qarşı son oyununu izlədim. Çox cəld və sürətli oyunçuları var. Müdafiədəki nataraz oyunu hücum xəttinin çevikliyi ilə əvəzləşdirirlər. Təbii ki, “Qarabağ”a oyun sxemi ilə bağlı məsləhət vermək bizə düşməz. Amma rəqibin oyun tərzini nəzərə alaraq iki məqamı vurğulamaq istəyirəm. Yüksək pressinq xətti və çox geniş cinah hücumu. Bu iki amil “Bayer-04”ün oyununu pozmağa və arzulanan nəticə qazanmağa kömək edə bilər. Elvin Cəfərquliyevin məhz bu baxımdan faydalı iş əmsalı yüksəkdi. İnanıram ki, komanda oyuna işi bitirmək əhval-ruhiyyəsi ilə çıxa biləcək. Azarkeş dəstəyi də çox önəmlidi. Qürbətçi soydaşlarımızın “Qarabağ”a tam dəstək vermələrini istəyərdim”.
KAMAL SƏFƏR