Avropanın 5 aparıcı liqasının cari mövsümü sürprizlərlə də diqqəti cəlb edir.
"Football-plus.az" xəbər verir ki, “Böyük beşlik”də hazırkı turnir cədvəllərinə nəzər salsaq, Çempionlar Liqasına (ÇL) vəsiqə verən yerlərdə adət etmədiyimiz komandaları görərik. İndi bu turnirin növbəti mövsümündə iştiraka iddia edənlərdən danışacağıq.
Emeri və Uotkinsin böyük səyi ilə
“Aston Villa” premyer-liqada araxada qalan 27 turda 55 xal toplamaqla 4-cü yeri tutur. Unay Emerinin çalışdırdığı komanda ehtiyatda bir oyunu olan əsas izləyicisi “Tottenhem”i 5 xal qabaqlayır. Maraqlıdı ki, birmingemlilər mövsümə böyükhesablı məğlubiyyətlə başlamışdılar: ilk turun “Nyukasl” ilə səfər oyunu ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnmişdi. Amma belə uğursuz startdan sonra “Aston Villa”nın ölkə çempionatındakı işləri rəvan getməyə başladı. Zarafat deyil, Emerinin komandası 2023-cü ilin sonuna qədər “Çelsi” (1:0), “Tottenhem” (2:1), “Mançester Siti” (1:0) və “Arsenal”a (1:0) qalib gəldi. Birmingemlilər indi də əla formadadılar. Premyer-liqanın son üç oyununda “Fulhem” (2:1), “Nottingem Forest” (4:2) və “Luton” (3:2) məğlub edilib.
Əlbəttə, Emeri kimi təcrübəli mütəxəssisin gördüyü effektli işlər ilk növbədə vurğulanmalıdı. 52 yaşlı ispaniyalı İngiltərədə 2018/19 mövsümündə “Arsenal”ı çalışdırıb. Komandanın uğurlu çıxışında Olli Uotkinsin əməyini də qeyd edək. O, bu mövsüm liqada meydana çıxdığı 27 oyunda 16 qolun və 10 məhsuldar ötürmənin müəllifi olub. 28 yaşlı hücumçu bu göstəricilərin cəminə (26) əsasən hazırda çempionatda 1-ci yerdədi. Əlbəttə, belə məhsuldar çıxışı Ollinin yayda Almaniyada keçiriləcək qitə çempionatında İngiltərə yığmasının sıralarında olmaq şansını artırır.
Yeri gəlmişkən, “Aston Villa” ötən mövsüm 27-ci turdan sonra 26 oyun keçirməklə 11-ci yeri tuturdu. Amma yekun cədvəldə 7-ci yeri özü üçün təmin etməklə Konfrans Liqasına vəsiqə qazanmışdı. Emerinin komandasının bu turniri qalib kimi başa vurmaq şansı kifayət qədər yüksəkdi. Amma birmingemlilərin əsas hədəfi, təbii ki, ÇL-də oynamaqdı.
1. Liverpul 27 19 6 2 64-25 63
2. Mançester Siti 27 19 5 3 62-27 62
3. Arsenal 27 19 4 4 68-23 61
4. Aston Villa 27 17 4 6 59-37 55
5. Tottenhem 26 15 5 6 55-39 50
“Jirona” ilk dövrəni əla keçirdi, amma...
La Liqanın cari mövsümünün ilk dövrəsi “Jirona”nın gözlənilməz iddilı çıxışı ilə yadda qaldı. Kataloniya əyalətinin təmsilçisi ilk 19 turda “Real”la eyni - 48 xal topladı. Ölkə nəhəngindən yalnız topların fərqinə əsasən geri qalan Miçelin komandası mövsümün birinci yarısında yeganə məğlubiyyətini (0:3) məhz madridlilərdən almışdı.
Amma ikinci dövrənin başlaması ilə “Jirona”nın problemlərinin ortaya çıxması bir oldu. Kataloniyalılar çempionatda keçirdikləri son 6 matçdan 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə ayrılıblar. Nəticədə indi lider “Real”dan 7 xal geri düşüblər. Əsas izləyicilərdən “Barselona” 1, “Atletiko” isə 4 xal az toplayıb. Başqa sözlə, ölkə nəhəngləri bu gedişlə Miçelin komandasını tezliklə arxada qoyacaqlar. Əlbəttə, “Jirona” hələ ilk dövrədə uzun müddət La Liqada liderlik edərkən çoxları bunun müvəqqəti olacağını ehtimal edirdi. Bu ehtimal artıq doğrulub. Heyətinə görə bir çox komandalardan geri qalan “qırmızı-ağlar”ın sonda ÇL-ə vəsiqə verən ilk “4-lük”də olub-olmayacağını zaman göstərəcək. Buna can atan 5-ci yerdəki “Atletik” indi “Jirona”dan 9 xal geridədi. Fərq yetərincə böyükdü, amma ÇL üçün mövsümün həlledici oyunlarını azı normal keçirmək tələb olunur.
Maraq üçün “Jirona”nın ötən mövsümün ilk 27 turundan sonra 34 xalla 11-ci yerdə olduğunu xatırladaq. Miçelin komandası sonda 10-cu yerə nail olmuşdu.
1. Real 27 20 6 1 56-18 66
2. Jirona 27 18 5 4 57-33 59
3. Barselona 27 17 7 3 56-34 58
4. Atletiko 27 17 4 6 54-29 55
5. Atletik 27 14 8 5 46-26 50
“Bolonya” 6 oyundu xal itirmir
A seriyasının hazırkı cədvəlində sürpriz mənzərənin formalaşmasının əsas səbəbkarı “Bolonya”dı. 27 oyuna 51 xal toplayan Tyaqo Mottanın komandası “Roma”, “Napoli”, “Fiorentina” və “Latsio” kimi iddialıları arxada qoyur. Fevralı ideal keçirən “göy-qırmızılar” çempionatdakı 5 oyunun hamısında, o cümlədən “Fiorentina” (2:0) və “Latsio”ya (2:1) qalib gəldilər. Martın 3-də isə ÇL-ə sonuncu vəsiqəni verən 4-cü yerə iddialılardan “Atalanta”nı səfərdə məğlub edilər (2:1). Başqa sözlə, ilk dövrəni 5-ci yerdə başa vuran “Bolonya” artıq A seriyasının son 6 matçında xal itirməyib!
41 yaşlı Mottanın komandası meydanboyu topa nəzarət etməsi və yalnız cinahlardan birində fəallıq göstərməməsi ilə fərqlənir. Bolonyalılar hazırda liqanın topa nəzarət faizi üzrə 3-cü ən yaxşı iştirakçısıdılar. “Atalanta”nı çalışdıran Can Pyero Qasperini bu komanda haqda “onlarla oynayarkən, ümumiyyətlə, topu bir daha ələ keçirməmək riski ilə üzləşirsən ” fikrini səsləndirib.
Müdafiə xəttində də işlər qaydasındadı: 27 oyunda qapısından 24 top buraxan komanda bu planda yalnız “İnter” (13) və “Yuventus”dan (21) geri qalır. Mottanın komandası topsuz qalanda da meydanda hərəkətliliyi olması ilə diqqəti cəlb edir: “Bolonya” belə halda rəqibə qarşı fəal pressinq tətbiq edir. “Göy-qırmızılar” A seriyasında bu planda da 3-cü ən yaxşı komandadı.
Coşua Zirkzee onların brilliantı sayılır. Fantaziyaçı intellekti və dayaq yarımmüdafiəçisi kimi əməksevərliliyi ilə unikal hücumçudu. Bu mövsüm çempionatda 10 qol vuran niderlandlı universallığı ilə seçilir. Ronaldinyo kimi yüngül hərəkətləri ilə fərqlənən Coşua rəqibin müdafiə xəttini yarır və lazım gələndə komanda yoldaşına ötürmə verir. Yayda onun uğrunda mübarizənin pik həddə çatacağı gözlənilir: 22 yaşlı Zirkzee 2019-22-ci illərdə müqavilə ilə bağlı olduğu “Bavariya”ya qayıda bilər. Almaniya nəhəngi 40 milyon avro ödəməklə onu ilk növbədə transfer etmək hüququna malikdi.
Hələlik isə “Bolonya” XXI əsrdə ən yaxşı mövsümünü keçirir. Komanda ötən mövsümü 9-cu yerdə başa vurmuşdu. Bu dəfəki nəticənin iki dəfə yaxşı olmaq ehtimalı çoxdu.
1. İnter 27 23 3 1 69-13 72
2. Yuventus 27 17 6 4 42-21 57
3. Milan 27 17 5 5 51-32 56
4. Bolonya 27 14 9 4 41-24 51
5. Roma 27 14 5 8 52-33 47
“Brest” ən yaxşı mövsümünü keçirir
Fransada “Brest”in çıxışı adamı təəccübləndirməyə bilmir. Son mövsümü 14-cü yerdə bitirən komanda indi Liqa 1-də 2-ci pillədədi. Əsas izləyicisi “Monako”nu 4 xal qabaqlayan “qırmızılar” lider PSJ-yə hər iki matçda çətin anlar yaşadıblar: ilk dövrənin ev oyununda 2:3 hesabıyla uduzan Erik Ruanın komandası yanvarın 28-də Parisdə məhsuldar heç-heçəyə (2:2) nail olub.
Rua baş məşqçi vəzifəsinə ötən ilin yanvarında təyinat alıb. Onda komanda Liqa 2-yə düşməyə əsas namizədlərdən idi. Yeni məşqçinin gəlişindən sonra problemlərini tədricən yoluna qoyan “Brest” əsas rəqiblər sayılan “Anje”, “Strasbur”, “Oser” və “Nant”a qalib gəlməyi bacardı. Nəticədə mövsümün sonuna iki tur qalmış yüksək liqadakı yerini təmin etdi. Ruanın komanda üçün aqressiv taktika müəyyən etməsi diqqətdən yayınmamışdı: daim fola əl atan brestlilər rəqibə öz oyununu oynamaqda mane olur və əlverişli imkanlardan yaxşı yararlanırdı.
Maraq üçün qeyd edək ki, komandanın tarixində ən yaxşı nəticə 1987-ci ildə 8-ci yeri tutmasıdı. Deməli, tarixi yenidən yazmaq üçün əla imkan var!
1. PSJ 24 16 7 1 54-19 55
2. Brest 24 13 7 4 35-18 46
3. Monako 24 12 6 6 44-34 42
4. Lill 24 11 8 5 34-20 41
5. Nitsa 24 11 7 6 23-17 40
“Ştutqart”ın geridönüşü daha təəccüblüdü
“Ştutqart”ın, belə desək, geridönüşü daha çox təəccüb doğurur. Bu komanda ötən mövsüm bundesliqadakı yerini yalnız “Hamburq” ilə pley-off oyunlarından sonra qoruya bilmişdi. İndi isə bu liqada “Bayer-04” və “Bavariya”dan sonra 3-cü yeri tutur. Dortmund “Borussiya”sını isə 6 xal qabaqlayır.
Əslində “qırmızılar” son mövsümün gedişində heç də autsayder simasına malik deyildilər. Normal oyun sərgiləyən komandanın avrokuboklara vəsiqələrdən birinə sahib çıxacağı gözlənilirdi. Lakin qapıçılarla bağlı ciddi problemlər yaşayan “Ştutqart” mövsümü 16-cı yerdə başa vurdu.
Amma indi belə problem yaşamır. Sebastyan Hönessin çalışdırdığı komandanın fərqləndirici xüsusiyyətlərindən biri gözlənilmədən qol vurmasındadı. Şvabiyalılar hazırda “böyük beşlik”də ən məhsuldar komandalar sırasındadılar. Hücum xəttinin lideri Seru Girassidi. 27 yaşlı qvineyalı forvard bu mövsüm çempionatda 18 oyuna 20 qol vurub. Komanda mövqe hücumlarında da güclü təsir bağışlayır, əsas alət rolunu isə həddindən artıq yüklənmələr oynayır. Hönessin komandası konkret zonanı kütləvi şəkildə “sıxır”. Qısa ötürmələr sayəsində rəqibi yanıldır və topu tez bir zamanda boş zonaya yönəldir. Məşqçilərin çox da yüksək səviyyədə olmayan oyunçulardan qurulan komandanın kombinasiyalı oyun sərgiləməsi üçün hazırlanan böyük taktika!
“Bavariya”nın sabiq prezidenti Uli Hönessin qardaşı oğlu olan Sebastyan Höness şvabiyalılara 2022/23 mövsümünün gedişindən başçılıq edir. Komanda onda finişə 8 tur qalmış sonuncu yerdə idi. Amma 41 yaşlı yeni çalışdırıcı ilə 2-ci diviziona düşməkdən qurtuldu.İndi Hönessin adı bir sıra klublarla birgə çəkilir. Bir çox futbolçuların da yayda “Ştutqart”ı tərk etmək ehtimalı yüksəkdi. Girassi uğrunda İngiltərə klubları mübarizə aparır, müdafiəçi Valdemar Antonun isə “Bayer-04”ə keçmək şansı var.
1. Bayer-04 24 20 4 0 61-16 64
2. Bavariya 24 17 3 4 65-28 54
3. Ştutqart 24 16 2 6 55-31 50
4. Borussiya D 24 12 8 4 48-30 44
5. Leyptsiq 24 13 4 7 53-31 43