SON DƏQİQƏ: "Qarabağ" - "Zirə" oyunu "Bayer-04"ə görə təxirə salındı? - AÇIQLAMA

8.03.2024 17:55 1 864
Premyer-liqa / Manşet
"Qarabağ" Avropa Liqasının 1/8 finalının ilk oyununda "Bayer-04"lə "sülh"ə razılaşdı - 2:2.

Yəni Ağdam təmsilçisinin mərhələni adlamaq şansı hələ də davam edir. Matç bitər-bitməz "CBC Sport"a fləş-müsahibə verən Qurban Qurbanov fiziki hazırlığın vacibliyini qabartdı. Belədə ağla Misli premyer-liqasının 26-cı turunun "Qarabağ" - "Zirə" oyununun təxirə salınması ehtimalı gəlir. Axı "köhlən atlar"ı ağır və cütün taleyini həll edəcək Almaniya səfəri gözləyir.

Görəsən, ağdamlıların "qartallar"la qarşılaşmasının təxirə salınması mümkündü? "Qarabağ" PFL-ə bununla bağlı müraciət edibmi?

Qurumun Media və Marketinq direktoru Sənan Abdullayev "Football-plus.az"ın sualını belə cavabladı:

"Xeyr, "Qarabağ" - "Zirə" oyunu keçiriləcək. Əksinin olması yönündə ehtimal yoxdu. Qısası, təqvimdə hansısa dəyişiklik nəzərdə tutulmayıb".

KƏNAN BAHADIR