Ölkə futboluna heç də yad olmayan gürcü mütəxəssisin 8 illik Azərbaycan təcrübəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Sonuncu iş yeri Qazaxıstanın Aktau şəhərinin “Kaspi” komandası olan və uğursuzluqla yadda qalan təcrübəli çalışdırıcının 10 aylıq istirahətindən sonra özünü sübut etmək üçün yenidən ölkəmizə üz tutması “Qəbələ”yə nə vəd edir? Görəsən, 55 yaşlı mütəxəssis komandanı düşdüyü indiki böhrandan çıxarda biləcəkmi? Bu suala cavab tapmaq üçün “Qəbələ”nin sabiq futbolçusu, “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovun düşüncələrini öyrəndik:
“Kaxaber Sxadadzenin komandanı bu vəziyyətdən çıxara biləcək bir məşqçi olduğunu düşünürəm. Çünki uzun illər Azərbaycan çempionatında baş məşqçi kimi fəaliyyət göstərib və burda olan bir çox futbolçunu tanıyır. Hansı ki, onun rəhbərliyi altında başqa komandalarda çıxış ediblər. Sxadadze o gücə malikdi. Sadəcə, rəqibdən də çox şey asılıdı. “Kəpəz” indi formadadı. Yəni çox çətin və ağır görünsə də, mümkünsüz bir şey deyil. Zaman göstərəcək ki, nə qədər bacaracaq və nə qədər alınacaq. Amma ümumilikdə komandanın potensialı var. Hesab edirəm ki, komanda olaraq, toparlansalar, bu, mümkün olar”.
KAMAL SƏFƏR





