"Football-plus.az" xəbər verir ki, buna səbəb bölgənin eyniadlı klubunun ot örtüyünün həddən artıq yüklənməsini əsas gətirməsidi. Maraqlıdı ki, mövzu ətrafında müəyyən cavabsız suallar var...
Məsələn, “Qəbələ” Gəncə təmsilçisinə razılıq verəndə qazonun “yorulacağını” nəzərə almamışdı? Görəsən, tərəflər arasında rəsmi müqavilə olubmu? Yəni “qırmızı-qaralar”ın “sarı-göylər”ə uzatdığı əli geri çəkməsi qanunidimi?
Bu mövzuda araşdırma apardıq. Bəlli oldu ki, klublar öncə şifahi razılıq, sonra rəsmi müqavilə əsasında anlaşıb. Belədə şərtlərin konkret nədən ibarət olduğunu, ən əsası müqavilə müddətini öyrənmək məqsədilə “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıyla əlaqə saxladıq:
“İctimaiyyətdə bu məsələni başqa istiqamətə çəkirlər. Ancaq vəziyyətin kökündə sırf stadionun ot örtüyünün qorunması dayanır. Anlayışı olanlar bilir ki, qış aylarında ot örtüyünün bərpası çətin olur. Ardıcıl oyunlar keçirəndə, çox yüklənmə olanda əlavə problemlər yaranır. Durumun mahiyyəti qarşı tərəfə də çatdırılıb. Hətta “Kəpəz”in ev oyunlarını Qəbələdə keçirməsinə razılıq verəndə onlara bunun müvəqqəti olduğunu bildirmişdik. Yəni 4-5 oyunluq nəzərdə tutulmuşdu. “Kəpəz” rəhbərliyinin bundan xəbəri var idi”.
KƏNAN BAHADIR






