Mövsümün həlledici anında, elitada qalmaq uğrunda mübarizə apardığı bir vaxtda Gəncədən qaçaq düşməsi “Kəpəz”in azarkeşlərini narahat etməyə bilməz. Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edən azarkeşlər bununla razılaşmayacaqlarını, “sarı-göylər”in ev oyunlarını məhz “doğma divarlar” arasında keçirməli olduğunu yazır. Hətta aralarında ot örtüyünün kimlərsə tərəfindən bilərəkdən sıradan çıxarıldığını, bunun “Kəpəz”i elitadan salmaq üçün düşünülmüş plan olduğunu iddia edənlər də var.
"Football-plus.az" olaraq durumla bağlı klub rəhbərliyinin fikrini öyrənməyi lazım bildik. Klubun mətbuat katibi Azad Mustafayev rəhbərlik adından bunları söylədi:
“Komanda ev oyununu evdə, yəni Gəncə şəhər stadionunda keçirməlidi. Bizim mövqeyimiz belədi. Bilirsiz ki, mövsümün əvvəlində də stadionla bağlı problem yaşandığından “Kəpəz” ev oyunlarını Gəncədən kənarda, Qəbələdə və Bakıda keçirmək məcburiyyətində qalmışdı. Çempionatı Gəncədə yekunlaşdırmağı fikirləşirik. Hazırda ot örtüyünün vəziyyəti ilə bağlı müvafiq şirkət tərəfindən işlər aparılır. Şirkətin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Rəhbərlik hər gün, hər an onlarla təmasdadı. Onlar da ot örtüyünün yaxşılaşdırılması yönündə dayanmadan işləyir”.
Gəncə stadionunun ot örtüyünün durumu ilə bağlı Gənclər və İdman Nazirliyi dünən açıqlama yayıb:
“Gəncə şəhər stadionu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da, “Kəpəz”in istifadəsinə verilib. Buna görə də stadiona xidmət, o cümlədən də ot örtüyünün saxlanılması və qulluq məsələləri klubun öhdəliyindədi”.
RƏŞAD






