“Kəpəz” – “Neftçi” oyunu Gəncədə keçiriləcək? - AÇIQLAMA

2.05.2023 14:12 425
Aktual / Premyer-liqa
Gəncə stadionunun ot örtüyünün sıradan çıxması səbəbindən “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir. Premyer-liqanın 33-cü turu çərçivəsində keçiriləcək “Sabah”la matç da eyni məkanda baş tutacaq.

Görəsən, “sarı-göylər”in cari mövsümdə yerli publika qarşısında çıxış etmək ehtimalı var? Düzdü, bu barədə klubun idman direktoru Mehman Allahverdiyev “Football-plus.az”a açıqlama verib. Ancaq o da ehtimal üzərindən danışıb. Klub rəsmi olaraq 2022/23 “futbol ili”ndə bir daha Gəncədə oynamayacaqlarını açıqlamayıb.

Məsələni dəqiqləşdirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisinin məsələyə münasibəti belə oldu:

“Sabah”la oyundan sonra cəmi bir ev oyunmuz qalır. “Neftçi”ni qonaq etməliyik. Paytaxt təmsilçisi ilə qarşılaşamya isə təxminən 2 həftə vaxtımız var. Ot örtüyünün vəziyyəti də tədricən düzəlir. Yeni səpilən toxumdan sonra qazon cücərib. Ancaq hələ o səviyyədə deyil ki, indidən konkret nəsə deyək. Oyun ərəfəsində klub rəhbərliyi örtüyün durumuna uyğun PFL ilə birgə müzakirədən sonra ümumi qərar verəcək”.


Xatırladaq ki, “Kəpəz” – “Neftçi” matçı mayın 21-nə təyin olunub.

RƏŞAD