Məlum olduğu kimi ''Fənərbaxça'' dünən atılan püşkü nəticəsinə görə Konfrans Liqasının 1/8 finalında Belçika təmsilçisi ''Yunion''la qarşılaşacaq.
İlk oyun martın 7-də Brüsseldə, cavab oyunu 1 həftə sonra İstanbulda keçiriləcək. Bu arada İstanbul nəhənginin yönəticisi və idarə heyətinin üzvü Səlahəttin Baki püşkün nəticəsini dəyərləndirərkən bunları deyib:
''Ümumi şanssızlığımız davam etdi. Mümkün rəqiblər arasında ən yaxşı oynayanlardan biri ilə qarşılaşacağıq. ''Anderlext''in önündə inamla Belçika çempionatına başçılıq edən, qrupda ''Liverpul'' üzərində qələbə qazanan bir kollektivlə qarşılaşacağıq. ''Yunion'' orta yaş həddi 25 olan və çox dinamik oynayan komandadı. Amma bunların heç biri bizi qorxuda bilməz. Türkiyənin Avropada yeganə təmsilçisi kimi qalmışıq və yolumuza davam etmək istəyirik. Niderland və Belçika kimi ölkələrdə həmyerlilərimiz çoxdu. Mərhələni keçəcəyimizə inanıram. Komandaya göz dəyməsini istəmirəm, amma bu mövsüm bütün camiə ''Fənər''i KL-in finalında görmək istəyir. Həm də ona görə ki final Afinadakı ''Ayasofya'' stadionunda keçiriləcək. Həyəcanla həmin günü gözləyirik. Bunun arzusu ilə yaşayırıq''.
ƏLİ