"Football-plus.az" xəbər verir ki, 28 yaşlı vinger hələ də Antalya təmsilçisi ilə olan problemi yoluna qoymayıb.
Xatırladaq ki, yanvarın 14-də superliqanın 20-ci turu çərçivəsində “Trabzonspor”a qarşı ev oyununda qol vurduqdan sonra İsraili dəstəkləyən hərəkətə yol verən Yehezkel qardaş ölkədə böyük qalmaqala səbəbkar olmuşdu. TFF tərəfindən futbolçuya 8 oyunluq cəza verilmiş və o hətta ifadəsi alınmaq üçün müvəqqəti həbs edilmişdi. Məsələyə İsrailin hökümət nümayəndələri də qarışandan sonra Yehezkel İsrailin göndərdiyi xüsusi təyyarə ilə ölkəsinə deportasiya edilmiş və hava limanında həmyerliləri tərəfindən böyük qəhrəman kimi qarşılanmışdı. Amma müqavilənin ləğvi məsələsi hələ də həllini tapmayıb. Yehezkel TFF-nin qaynaqlarında indiyə qədər də “Antalyaspor”un futbolçusu kimi qeyd olunur. Müqaviləni birtərəfli qaydada pozan tərəf, çox güman, qarşı tərəfə böyük miqdarda (ən azı 1 milyon avro) təzminat ödəməli olacaq. Ona görə də heç kim müqaviləni pozmağa risk etmir. Bu arada İsrail mətbuatının yazdığına inansaq, “Antalyaspor” Yehezkeli yenidən məşqlərə qoşulmağa dəvət edərək ona məktub göndərib. Əslində bu futbolçunun artıq Türkiyədə oynamasının qarşısında heç bir mane qalmayıb. Təcrübəli oyunçuya 8 oyunluq cəza verilmişdi və o, superliqada “Konyaspor”, “Sivasspor”, “Kayserispor”, “Fənərbaxça”, “Samsunspor”, “İstanbulspor”, kubokda isə “Pendikspor” və “Beşiktaş”a qarşı oyunlarda yer almayaraq cəzasını tamamlamış oldu. Amma futbolçu Türkiyəyə gəlməmək bir yana, hətta “Antalyaspor”dan FİFA-ya şikayət ünvanlayıb! Yehezkel Türkiyə klubundan həm pulunu ala bilmədiyinə, həm də dəymiş mənəvi ziyana görə 1,26 milyon avro tələb edir. Bundan başqa, o, bir mövsümdə 3-cü fərqli klubun şərəfini qoruya bilmək üçün FİFA-dan xüsusi icazə istəyir. Yehezkel mövsümə Beer-Şeva “Hapoel”inin heyətində başlamış və sentyabrda Türkiyəyə gəlmişdi. Futbolçunun vəkilləri Roi Rosen və Tal Saqev ümumi bir açıqlama verərək bunları qeyd ediblər:
“Bir aydan çoxdu Yehezkel birtərəfli şəkildə, zalımca və hüquqazidd formada “Antalyaspor” tərəfindən çölə atılıb. Müqavilə ilə ona çatmalı olan pul ödənilmir. Saqiv təmsilçiləri vasitəsilə bu çətin və üzücü dönəmi geridə qoyub peşəkar karyerasına davam etmək üçün klubla anlaşma əldə etməyə çalışdı. Hətta əlindən gələni etdi. Amma belə görünür, Türkiyə klubu ona vurduğu zərbədən məmnundu və üstəlik bunu davam etdirmək istəyirlər. Saqivin başqa çarəsi qalmadığından, “Antalyaspor”dan FİFA-ya şikayət edib. Onun haqlarını sona qədər qorumaq üçün hər cür hüquqi yola baş vurmağa hazırıq. Sonda haqq-ədalətin öz yerini tapacağına şübhə etmirik”.
Maraqlıdı ki, bütün bu hadisələrin fonunda “Antalyaspor”da çıxış edən İsrail yığmasının digər üzvü, daha öncə Yehezkellə birlikdə Türkiyə çempionatında Qəzzada baş vermiş hadisəyə görə həyata keçirilən birdəqiqəlik sükutda iştirak etməkdən boyun qaçıran Rəmzi Safuri hələ də Antalyadadı! O, demək olar, hər matçda meydana çıxır. Çox güman, Safurinin Yehezkelə dəstək verməyib İsrailə qayıtmamasının səbəbi onun ərəbəsilli olmasındadı.
ƏLİ





