“Antalyaspor”da israilli futbolçularla bağlı yeni problem

4.11.2023 00:20 222
Dünya futbolu
“Antalyaspor”un israilli futbolçulari Ramzi Safuri və Saqiv Yehezkel ilə bağlı yeni xəbər var.

"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, hər iki futbolçu 9-cu turda “Qaziantep”lə səfər oyununa çıxmaqdan imtina etmişdi. Həmin dönəmdə İsrailin Qəzza bölgəsində xəstəxananı bombalaması və çoxlu sayda insanın dünyasını dəyişməsi üzündən Türkiyədə 3 günlük matəm elan olunmuşdu. 9-cu turda bütün qarşılaşmalar birdəqiqəlik sükutla başlamışdı. Sözügedən futbolçular bu üzdən oynamaq istəmədiklərini bildirmiş, “Antalyaspor” da bu durumu anlayışla qarşılamışdı. Bu dəfə isə Safuri ilə Yehezkel təqvimlə bağlı sıxıntı yaşayır. Daha öncə İsrailin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Kosovo və İsveçrəyə qarşı oyunları təxirə salınmışdı. Artıq UEFA tərəfindən bu komanda üçün yeni təqvim açıqlanıb. İsrail 10 gün ərzində 4 oyuna çıxmalı olacaq. Komanda noyabrın 12-də Kosovo, 15-də İsveçrə, 18-də Rumıniya, 21-də Andorra ilə oynayacaq. UEFA-nın qərarına görə heyətində ən azı 2 israilli yığma üzvü olan klublar onlardan, heç olmasa, birini Kosovoya qarşı ayın 12-də keçiriləcək oyundan 48 saat öncə yığmanın düşərgəsinə buraxmalıdı. Problem isə ondadı ki, “Antalyaspor”un noyabrın 10-da superliqa çərçivəsində “Ankaragücü”yə qarşı oyunu var. İsrail yığmasının toplanışı noyabrın 6-da start götürəcək. Safuri və Yehezkel yığma üzvüdü və hər biri noyabrın 6-dan yığmanın düşərgəsində olmağı arzulayır. “Antalyaspor” isə bu durumla razılaşmır. İsrail mətbuatına açıqlama verən Yehezkel bunları deyib:
“Klubdan bizə icazə verilməyib. Amma noyabrın 6-da yığmanın düşərgəsində olacağımızı düşünürəm. Həqiqətən də yığmanın yanında olmaq üçün əlimizdən gələn hər şeyi edirik. İndi ən önəmlisi məhz budu və bunu ölkəmiz üçün edirik”.


Yuxarıda da qeyd etdiyimiz kimi, “Antalyaspor” iki futbolçudan yalnız birini ən gec noyabrın 10-da buraxmaq məcburiyyətindədi. İsrail yığması ilk oyun üçün iki oyunçudan birini seçmək məcburiyyətində qalsa, Yehezkelə üstünlük verəcək. Hələ ki klub rəhbərliyi onlardan heç biri üçün lazım olan icazəni verməyib. Antalya təmsilçisi oyunçularından heç birini qeyd olunan vaxtda yığmanın düşərgəsinə göndərməsə, bu, yeni bir söz-söhbətin əsasını qoyacaq. Üstəlik UEFA tərəfindən kluba pul və ya xal cəzası da verilə bilər. Bu arada məlum olub ki, “Antalyaspor” bu duruma düşən yeganə klub deyil. İsrail yığmasının kapitanı federasiyanın göstərişi ilə bütün yığma üzvləri ilə əlaqə saxlayaraq onlardan klublarından icazə almalarını istəyib. İcazə verməyən yeganə klub “Antalyaspor” deyil. ABŞ təmsilçisi “Kanzas Siti” də 29 yaşlı yarımmüdafiəçi Qadi Kindanın yığmanın düşərgəsinə getməsinə hələ ki razılıq verməyib.