İsrailli futbolçular bu həftə meydana çıxmayacaq!

21.10.2023 14:49 200
Dünya futbolu
İsrailin Qəzza bölgəsinə hücumları davam edir.

Bilindiyi kimi, İsrailin Qəzzadakı xəstəxananı bombalamasından sonra Fələstinə dəstəyini nümayiş etdirmək üçün prezident Rəcəp Tayyib Ərdoğanın qərarı ilə Türkiyədə üçgünlük matəm elan olunub. Bundan başqa, Türkiyə Futbol Federasiyasının qərarı ilə Fələstinə dəstək əlaməti kimi bu həftə superliqada bütün matçlardan öncə birdəqiqəlik sükut olacaq. Eləcə də futbolçular meydana qollarına qara sarğı ilə çıxacaqlar. Bəs görəsən, Türkiyə çempionatında çıxış edən israilli futbolçular bu durumda nə edəcək?

"Football-plus.az" xəbər verir ki, “Antalyaspor”da çıxış edən israilli futbolçular - Ramzi Safuri və Sagiv Yehezkel bu həftə “Qaziantep”ə qarşı oyunda meydana çıxmamaq qərarına gəliblər! Bu xəbəri İsrailin “Sport 5” nəşri yayıb. Hər iki futbolçu “Antalyaspor”a bu yay Beer-Şeva “Hapoel”indən transfer olunub. Yehezkel artıq Türkiyə çempionatında 2 qol vurmağa da müvəffəq olub. Klub rəhbərliyi ilə görüşən futbolçular oyundan öncə yaşanacaq 1 dəqiqəlik sükutda iştirak etmək, ümumiyyətlə, bu qarşılaşmada yer almaq istəmədiklərini bildiriblər. “Antalyaspor” rəhbərliyi onların durumunu anlayışla qarşılayaraq bu tələbi qəbul edib.

Hər iki futbolçunun adından İsrail mətbuatında gedən ümumi açıqlamada bu sözlərə yer verilib:

“Ölkədən gələn xəbərlərdən sonra bu həftə meydana çıxmağımız mümkün deyil. Klubumuz bu durumu anlayışla qarşıladı. Onlara təşəkkür edirik. Həm də bu tur oyunlardan öncə məqsədi İsrail dövlətini qınamaq olan bir tədbir (1 dəqiqəlik sükut nəzərdə tutulur – red.) həyata keçiriləcək. Biz İsrail yığmasının şərəfini qorumaqdan qürur duyuruq. Həm də bu səbəbə görə oyunda iştirak etmək niyyətimiz yoxdu. Klub bu qərarımıza hörmətlə yanaşdı. Burda bizə münasibət yaxşıdı. Biz də gözəl günlərdə yeni körpülər quranlar arasında olmağa davam edəcəyik. Qəlbimiz və düşüncəmiz İsraildəki qardaşlarımızla birlikdədi”.

Qeyd edək ki, Qəzzaya hücumdan sonra İsrailə qarşı bütün dünyada artan etirazlardan sonra İsrail dövləti xaricdə yaşayan vətəndaşları öz ölkələrinə qayıtmağa dəvət etmişdi. Amma Safuri ilə Yehezkel “Antalyaspor”dan ayrılmaq niyyətində deyil. Onlar Türkiyədəki karyeralarını davam etdirmək qərarına gəliblər. Qardaş ölkənin çempionatında çıxış edən daha bir israilli futbolçu Eden Kartsevdi. 23 yaşlı yarımmüdafiəçi ötən mövsümün 2-ci dövrəsindən etibarən “İstanbul BŞ”nin şərəfini qoruyur. Amma Kartsevin bu turla bağlı planları məlum deyil. Onun bu həftə meydana çıxmaqdan imtina edib-etməyəcəyi bilinmir.