“Bu yazılanlar və deyilənlər reallığı əks etdirmir” – “Kəpəz” belə dedi

23.02.2024 13:20 263
Aktual / Premyer-liqa
Bu gün autsayderlərdən “Kəpəz”lə “Qəbələ”nin qarşılaşması futbol ictimaiyyətinin diqqət mərkəzindədi.

Bilindiyi kimi, Gəncə şəhər stadionu mövsümün əvvəlində təmirə bağlanıb və “Kəpəz” əvvəlcə Tovuza, ardından Qəbələyə üz tutub. Tovuzda stadionun işıq dirəklərinin aşması nəticəsində qonşu rayondan Qəbələyə yollanan “sarı-göylər” burda keçirdiyi hər oyuna görə 3000 manat ödəməli olur. Yerli mətbuatda “Kəpəz” rəhbərliyinin ayın 23-dəki matçla bağlı “Qəbələ”dən olan həmkarlarını seçim qarşısında qoyması barədə iddialar var. Belə ki, baş məşqçi Adil Şükürov qarşılaşmanın nominal ev sahibi qismində “Qəbələ”nin meydanında keçirilməsinin əleyhinədi. O, bildirib ki, “Qəbələ” oyunun başqa məkanda təşkilini istəmirsə, 3000 manatlıq yer haqqından vaz keçsin. “Kəpəz”in manevrini anlayan ikincilər bu şərtlə razılaşıb.

Bəs bu iddialar nə dərəcədə doğrudu? “Kəpəz”in mətbuat xidməti rəhbəri Azad Mustafayevə müraciət etdik:

“Bildiyiniz kimi, mövsümün əvvəlində ev oyunlarını Tovuzda keçirirdik. Tovuzdakı məlum hadisədən sonra Gəncəyə yaxın olan, eyni zamanda PFL-in tələblərinə cavab verən stadion axtarışına çıxmışdıq ki, o da Qəbələ olmuşdu. Yəni başqa variantımız yoxdu. Bu yazılanlar və deyilənlər reallığı əks etdirmir”.

ƏSƏD SEYİDOV