Həmyerlimizin bu oyunun iştirak ərizəsində yer almaması diqqətimizi çəkdi. Öncə sarı vərəqə cəzalısı olub-olmadığını yoxladıq. Məlum oldu ki, geridə qalan oyunlar ərzində 5 “sarı” alan futbolçu 17-ci turda “Girəsunspor”la matçı məhz cəzalı olduğuna görə buraxıb. Növbəti “sarı”nı isə “Göztəpə” ilə oyunda alıb. Yəni Coşqunun adının iştirak ərizəsində yer almamasının səbəbi başqadı. Bunu aydınlaşdırmaq məqsədilə futbolçuyla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Belədə atası, “Səbail”in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Mütəxəssisin “Football-plus.az”a söylədikləri:
“Coşqun 20-ci turda “Sakaryaspor”a qarşı keçirilən oyunda əzəlisini dartmışdı. Zədəli olduğundan Bakıya gəldi. Müalicəsinin bir hissəsini Türkiyədə, qalanını üç gün ərzində ölkəmizdə aldı. İndi durumu yaxşıdı. Fevralın 4-ü gecə saatlarında qardaş ölkəyə qayıtdı. 5-i məşqlərdə iştirak edə bilməsə də, bu gün komandayla birgədi. İnşallah, fevralın 9-da keçiriləcək “Çorum” – “Ümraniyəspor” oyununa qədər tam sağalıb meydana çıxa biləcək”.
KƏNAN BAHADIR






