11 oyundan 10-da darmadağın olan, 65 qol buraxan komanda – “Şəki”nin müalicəsi Qazaxıstandadı?

14.11.2026 14:04 36
Ölkə futbolu / Manşet
2-ci liqada ilk 10 tur geridə qaldı. Burda hazırda istər çempionluq, istərsə də liqadakı yerini qorumaq baxımından gərgin mübarizə gedir. Ancaq bir komanda var ki, parlaq gələcək vəd etmir. “Şəki”ni nəzərdə tuturuq.

Bölgə təmsilçisi “xərçəng tapıb”. Cari mövsümə qələbə ilə başlayan, daha dəqiqi, evdə “Ağdaş”ı məğlub edən (4:2) komanda qalan oyunlarda futbol dünyasında az rast gəlinən halla üzləşib – ardıcıl 9 oyunda darmadağın olub!

Həmin nəticələrə baxaq.

2-ci tur: Kür-Araz – Şəki 3:0

3-cü tur: Şəki – Qaradağ Lökbatan 1:8

4-cü tur: Şirvan – Şəki 6:0

5-ci tur: Şəki – Hypers 0:5

6-cı tur: Şəki – Şəmkir 0:5

7-ci tur: Difai – Şəki 4:1

8-ci tur: Şəki – Zəngəzur 0:5

9-cu tur: Ağstafa Gəncləri – Şəki 11:1

10-cu tur: Şəki – Dinamo 1:4

Göründüyü kimi, 10 oyunda cəmi 8 qol vura bilən “halvaçılar” qapısında nə az, nə çox - 53 top görüb! Təbii ki, “Şəki” bu nəticə ilə sonuncu sıradadı. Həmçinin komanda ölkə kubokunun 1-ci təsnifat mərhələsində “Qaradağ Lökbatan”a 0:12 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Xatırlayırsızsa, əvvəllər sizi bölgə təmsilçisinin problemləri ilə tanış etmişik. Maliyyə çatışmazlığı üzündən Şəki şəhər stadionunda meydana çıxa bilməyən komanda məşq edə bilmir, ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirir. İş o həddə çatıb ki, baş məşqçi dəyişikliyi də fayda vermir. İlk 8 turda Elvin Hacızadənin çalışdırdığı komanda Firuddin Mövsümovun da rəhbərliyi altında ümidləri doğrulda bilmir.

Yaxşı, bəs çıxış yolu nədədi? Ümid ya bir neçə gün əvvəl “xərçəng”in dərmanını tapdıqlarını elan edən qazaxıstanlı həkimlərə qalıb, ya da Allaha...

KƏNAN BAHADIR