Sonuncu dəfə ölkə klublarından “İrəvan”ın formasını geyən Elvin Yunuszadənin Kosovoda legioner həyatı yaşayacağını xəbər vermişdik.
31 yaşlı mərkəz müdafiəçisi bu ölkənin “Fuşe Kosovo” klubu ilə razılıq əldə edib. Bu transfer məşhur türk menecer Fırat Totik sayəsində baş tutub. Dünən Elvinlə əlaqə saxlayaraq, yeni klubu haqda fikirlərini öyrəndik:
“Vizanın verilməsini gözləyirəm. Komanda bir-iki günə Antaliyaya - toplanışa gələcək. Bu üzdən mən onları burda gözləyəsi oldum. Həm də viza məsələsini həll etməyə çalışırıq. Kosovonun ölkəmizdə səfirliyi olmadığı üçün bu məsələ yubanır. Komandada bu il çox dəyişiklik olub. Hədəfimiz maksimum dərəcədə yuxarı pillələrə qalxmaqdı. İlk oyun fevralın 12-də olacaq. Komanda üzvlərindən hələ heç kimi görməmişəm. Amma baş məşqçi ilə bir neçə dəfə danışmışıq. Baş məşqçi də viza məsələsinin həll olunmasını gözləyir. Komanda Antaliyaya gələndən sonra mən də toplanışa qoşulacam”.
ƏSƏD SEYİDOV