Yanvarın 15-də Londonun Hammersmit adlanan ərazisində yerləşən “Apollo” əyləncə mərkəzində FİFA tərəfindən müxtəlif nominasiyalarda ilin ən yaxşılarına verilən “The Best” mükafatının təqdimolunma mərasimi keçirildi.
Qaliblər yığma komandaların baş məşqçiləri ilə kapitanları, eləcə də idman jurnalistləri və fanatlar arasında aparılan sorğu nəticəsində müəyyənləşib. FİFA bu mükafatı 2016-cı ildən etibarən təqdim etməyə başlayıb. Bu yazıda budəfəki sorğunun nəticələrinə aid bütün detallara və başqa məqamlara toxunacağıq.
Qvardiola seçim edə bilmədi və söydü
Ən çox maraq doğuran nominasiyaya, yəni ilin ən yaxşısı seçilən futbolçuya keçməmiş qısaca digər qaliblərə nəzər salaq. İlin ən yaxşı baş məşqçisi nominasiyasında sürpriz qeydə alınmadı. “Mançester Siti” ilə 2023-cü ildə mümkün olan hər şeyi qazanan Xosep Qvardiola böyük fərqlə “Napoli”yə 33 ildən sonra A seriyasını qazandıran, hazırda isə İtaliya yığmasını çalışdıran Luçano Spallettiyə, eləcə də “İnter”i Çempionlar Liqasının finalına yüksəldən Simone İnzaqiyə qalib gəldi. Kataloniyalı mütəxəssis mükafatı qəbul etmək üçün səhnəyə çıxarkən onunla tədbirin aparıcısı Tyerri Anri arasında maraqlı dialoq yaşandı. Anrinin “sizin çalışdırığınız hansı komanda qalib gələrdi? “Barselona”, yoxsa indiki “Mançester Siti” sualına cavab verərkən Qvardiola ağzından söyüş mənasını verən “fuck” sözünü qaçırdı və sona qədər də bu komandalar arasında güclü olanı müəyyənləşdirə bilmədi!
İlin rəmzi yığmasına bu futbolçular düşdü: qapıçı – Tibo Kurtua (Real); müdafiəçilər – Kayl Uoker, Con Stounz, Ruben Diaş (hamısı “Mançester Siti”); yarımmüdafiəçilər – Bernardo Silva, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Cud Bellingem (Real); hücumçular – Lionel Messi (İnter Mayami), Kilian Mbappe (PSJ), Erlinq Holann (Mançester Siti), Vinisius (Real). Rəmzi yığmanın qeyri-adi 3-3-4 sistemi ilə üzrə qurulması diqqəti çəkdi. Əfsanəvi qapıçı İker Kasilyas sosial şəbəkədə buna görə FİFA-nı tənqid edərək gələn il rəmzi komandanı 1-10 sistemi ilə qurmağı təklif etdi. Göründüyü kimi, burda Qvardiolanın komandasının birdən-birə 6 üzvü var. Sonuncu dəfə ilin rəmzi yığmasında 6 oyunçu ilə təmsil olunmuş komanda 2010-cu ildə yenə də Qvardiolanın “Barselona”sı olub! İlin ən yaxşı qolu nominasiyasında braziliyalı Gilyerme Madruqa qalib gəldi. 23 yaşlı yarımmüdafiəçi müqavilə ilə “Kuyaba”ya məxsus olsa da, 2023-ü icarə əsasında 2-ci divizion təmsilçisi “Botafoqo”da keçirmişdi. Maraqlıdı ki, bu futbolçu il ərzində keçirdiyi 46 oyuna cəmi 2 qol vurdu. Amma bunlardan birincisini iyunun 27-də “Novorizontino” ilə səfər oyununda cərimə meydançasından kənarda başı üzərindən akrobatik zərbə ilə vurdu! Bu qol səsvermədə “Sportinq”li Nunu Santuşun effektli “rabona” zərbəsini, eləcə də “Brayton”un 19 yaşlı paraqvaylı futbolçusu Xulio Ensisonun uzaq məsafədən “Mançester Siti”nin qapısına vurduğu mükəmməl qolu qabaqladı. Daha bir maraqlı olay “ilin ən yaxşı azarkeşi” mükafatı təqdim olunarkən yaşandı. Bu nominasiyada Argentina təmsilçisi “Kolon”un fanatı Uqo Daniel İnyiqes qalib gəldi. O, “Barrakas Sentral” ilə oyunda tribunadan matçı izləyərkən həm qucağında tutduğu uşağı sakitləşdirməyə, həm də onu yedirməyə çalışırdı. Bu epizod oyunun canlı yayını zamanı ekranlara düşmüşdü. İnyiqes mükafatı almaq üçün səhnəyə məhz uşağı ilə birlikdə çıxdı. Amma uşaq elə hay-küy saldı ki, anası onu qucağına alıb aparmalı oldu. Digər nominasiyaların qaliblərini ötən sayımızda qeyd etmişik.
Anri mükafatı özünə götürdü və “Tottenhem”lə “məzələndi”
İndi isə keçək əsas məsələyə. Buna qədər “Qızıl top”u Messi qazanmışdısa, UEFA mükafatı Holanna vermişdi. Bu da başadüşülən idi. “Frans Futbol”un səsverməsində Argentinanın dünya çempionluğu əsas götürülmüşdüsə, UEFA ÇL-i qazanan və trebl edən futbolçuya üstünlük vermişdi. “Frans Futbol” ilə UEFA-dan fərqli FİFA-nın mükafatının əsas özəlliyi odu ki, futbolçuların mövsüm ərzində yox, konkret təqvim ili ərzindəki göstəriciləri əsas götürülür. Yəni Messinin dünya çempionluğu nəzər alınmamalıydı. Argentinalı superulduz ötən ilin ilk yarısını PSJ-də keçirərək ÇL-də 1/8 finaldan o yana gedə bilmədi. 2023-də o, parislilərin heyətində 22 rəsmi oyunda 10 qol, 6 məhsuldar ötürmə verdi və yalnız ölkə çempinluğu ilə kifayətləndi. Yaydan etibarən şərəfini qoruduğu “İnter Mayami” ilə isə MLS-in pley-offuna çıxa bilmədi və yalnız “Liqalar kuboku” adlı, çox da tanınmayan turnirin qalibi oldu. Mayamililərin heyətində o, 14 qarşılaşmada 11 qol, 5 məhsuldar ötürmə ilə fərqləndi. Gəlin etiraf edək ki, bu göstəricilər Holannın 2023-də vurduğu qollar və qazandığı titullarla tərəzinin eyni gözünə qoyulacaq səviyyədə deyil. Ona görə də hər kəs (hətta Messi özü də) bu mükafatı Holannın qazanacağını düşünürdü. Şayiələrə inansaq, Leo məhz bu üzdən tədbirə qatılmadı. Digər versiyaya görə o, sadəcə, “İnter Mayami”nin hazırlıq prosesini buraxmaq istəmədiyi üçün Londona gəlmədi. Hərçənd Holann özü də tədbirdə iştirak etmirdi.
Anri qalibləri bir-bir açıqlayarkən zalda heç bir həyəcan hiss olunmurdu. Fransalı əfsanə ilin ən yaxşı futbolçusu mükafatının Messiyə qismət olunduğunu açıqladığı anda isə kiçik bir şok yaşandı. Adətən, belə məqamlarda, yəni qalib tədbirdə iştirak etmədikdə heç olmasa, ondan əvvəlcədən alınmış açıqlamanın videosu təqdim olunurdu. Bu dəfə heç bu da olmadı! Bu da onu göstərir ki, Messinin qələbəsini heç FİFA özü də gözləmirdi. Mükafatı verməyə adam tapmayan və vəziyyətdən çıxmağa çalışan zarafatcıl Anrinin həmin məqamda dediyi sözlər diqqəti çəkdi. O əvvəlcə “təəssüf ki, qalib burda yoxdu. Kimsə bu mükafatı götürməlidi. Ən yaxşısı, elə mən özüm götürüm. Çünki heç vaxt onu qazanmamışam” dedi. Daha sonra isə səhnəni birlikdə paylaşdığı xanım aparıcı və britaniyalı jurnalist Reşmin Çaudhariyə “sən Tottenhem azarkeşisən, elə deyilmi? İstəyirsənsə, mükafata toxuna bilərsən. Çünki adətən, sizə belə mükafatlara toxunmaq qismət olmur” deyərək ara yerdə “Tottenhem”ə də söz atmış oldu. Onu da bildirək ki, Messi FİFA-nın sorğusunda 3-cü dəfə qalib gəldi (2019, 2022, 2023). O, daha öncə bu mükafatı hərəyə iki dəfə qazanmış Kriştiano Ronaldo ilə Robert Levandovskini qabaqlayaraq vahid lider oldu.
De Byazi və Emin Mahmudov kimə səs verib?
Messinin “Qızıl top”u da 8-ci dəfə qazanması ilə razılaşmayanlar var idi. Amma bu seçimi anlamaq mümkün idi. FİFA-nın mükafatının Leoya qismət olması isə artıq tam bir fiaskodu! FİFA-nın saytındakı reqlamentdə açıq-aydın qeyd olunub ki, sorğu zamanı futbolçuların 19 dekabr 2022 – 20 avqust 2023-cü il aralığında əldə etdikləri əsas götürülür. Bu yerdə xatırladaq ki. DÇ-2022 dekabrın 18-də başa çatmışdı. Yəni Holann 2023-də trebl qazandığı və klub futbolunda hamıdan çox (44) qol vurduğu halda, Messinin nəyə görə və hansı əsasla qalib gəldiyini anlamaq olduqca çətin, hətta mümkünsüzdü! Belə təsssürat yaranır ki, səs verənlər, sadəcə, futbolçuların hansı aralıq üçün göstəricilərinin əsas götürüldüyünü bilmirlərmiş. Görünür, FİFA bunu onlara söyləməyib! Bu məqamda ilk “10-luğ”a nəzər salaq.
1. Lionel Messi (İnter Mayami/Argentina) - 48 (xal)
2. Erlinq Holann (Mançester Siti/Norveç) – 48
3. Kilian Mbappe (PSJ/Fransa) – 35
4. Kevin De Bruyne (Mançester Siti/Belçika) – 32
5. Viktor Osimhen (Napoli/Nigeriya) – 24
6. Rodri (Mançester Siti/İspaniya) – 24
7. Xulian Alvares (Mançester Siti/Argentina) – 21
8. Bernardo Silva (Mançester Siti/Portuqaliya) – 18
9. İlkay Gündoğan (Mançester Siti/Almaniya) – 13
10. Xviça Kvaratsxeliya (Napoli/Gürcüstan) – 7
Səsvermənin detallarına keçərkən, təbii ki, Azərbaycandan başlamalıyyıq. Yığmamızın artıq sabiq baş məşqçisi Canni de Byazinin ilk “3-lüy”ü belə olub: Holann, Mbappe, Bernardo Silva. Kapitanımız Emin Mahmudov da birinci pilləyə Holannı layiq görüb. Digər pillələrə Messi ilə De Bruyneni “yerləşdirib”. Adəti üzrə bu il də Azərbaycandan Rasim Mövsümzadə səsvermədə iştirak edib. De Byazi ilə Mahmudovdan fərqli o, birinci pilləyə Messini, digər pillələrə isə Holann ilə Gündoğanı layiq görüb. İlin 3 əsas futbolçusunun öz seçiminə gəlincə, Messi “3-lüy”ə Holann, Mbappe və Alvaresi daxil etdiyi halda, Mbappe 1-ci yerə Messini, sonrakı pillələrə Holann ilə De Bruyneni layiq görüb. Holann Norveç yığmasının kapitanı deyil. Bu statusda olan Edeqorun isə seçimi belə olub: Holann, Messi, Mbappe. Öz yığmasında kapitan olan digər tanınmış futbolçuların seçimlərinə nəzər salaq.
Modriç (Xorvatiya) – Messi, Rodri, Brozoviç
Salah (Misir) – Messi, De Bruyne, Holann
Donnarumma (İtaliya) – Messi, Mbappe, Holann
Son Hın Min (Cənubi Koreya) – Messi, Holann, Mbappe
Van Deyk (Niderland) – Messi, Holann, De Bruyne
Levandovski (Polşa) – Messi, Gündoğan, Holann
Oblak (Sloveniya) – Messi, Rodri, Holann
Pulişiç (ABŞ) – Messi, Mbappe, Holann
Keyn (İngiltərə) – Messi, Holann, Bernardo Silva
Kapitanların seçimi həlledici oldu
Bu futbolçularla yanaşı, daha 98 ölkənin yığmasının kapitanı 1-ci yerə Messini layiq görüb! Məşhur kapitanlardan Messini birinci yerə layiq görməyənlər bunlardı: Kazemiro (Holann), Tadiç (De Bruyne), Morata (Rodri), Alaba (Holann), Abubakar (Holann), Gündoğan (Holann), Souçek (Holann), Andre Ayyu (Holann), Soboslai (Holann), Rrahmani (Osimhen), Kris Vud (Holann) və Lindelöf (Holann). Portuqaliya yığmasında, adətən, sarğını Ronaldonun qolunda görürük. Amma FİFA-nın sorğusunda nədənsə o yox, Pepe iştirak edib. Sabiq “Real”lı ilk 3 pilləyə həmyerlisi Bernardo Silvanı, eləcə də Holann və Osimheni layiq görüb. Sizə kapitanların seçimini təqdim etməyimiz əbəs deyil. Çünki məhz onların seçimi sonda həlledici oldu.
Qısaca səsvermənin mexanizmi ilə də sizi tanış edək. Girişdə də qeyd etdiyimiz kimi, sorğu yığmaların kapitanları, baş məşqçiləri, FİFA-ya üzv hər ölkədən seçilmiş bir jurnalist və fanatlar (onlayn) arasında keçirildi. Birinci yerə layiq görülən futbolçuya 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal düşürdü. Sonra hər kateqoriya ümumiləşdirilirdi. Hər kateqoriyanın qalibinə 13 xal, 2-ci yeri tutana 11 xal, 3-cü yeri tutana isə 9 xal verilirdi. Ümumilikdə yuxarıda təqdim etdiyimiz siyahıdan da göründüyü kimi, Messi ilə Holann eyni – 48 xal topladı. Belədə əlavə göstəricilər nəzər alındı. FİFA-nın reqlamentinə uyğun olaraq birinci əlavə göstərici məhz kapitanların seçimidi. Ona görə də mükafat Leoya qismət oldu. Sorğunun nəticələri kateqoriyalar üzrə belə oldu.
Kapitanlar: Messi – 13 (677), Holann – 11 (557), Mbappe – 9 (282)
Baş məşqçilər: Holann – 13 (541), Messi – 11 (476), Mbappe – 9 (302)
Media: Holann – 13 (729), Messi – 11 (315), Mbappe – 9 (168)
Fanatlar: Messi – 13 (613,293), Holann – 11 (365,893), Mbappe – 8 (201,866)
“Messinin qələbəsi bu mükafata şübhə ilə yanaşmağa əsas verir”
Başqa sözlə desək, əlavə göstəricidə birinci baş məşqçilərin seçimi əsas götürülsəydi, qalib Holann olacaqdı. Sorğunun nəticələrinə qısaca belə yekun vurmaq olar ki, baş məşqçilərlə jurnalistlərin seçimində Holann, kapitanlarla fanatların seçimində Messi qalib gəldi (özü də böyük fərqlə)!
Avropa mətbuatında və sosial şəbəkələrdə də Messinin bu qələbəsi ciddi müzakirə doğurdu. Maraqlıdı, görəsən, sosial şəbəkələrdə Messinin qələbəyə layiq olmadığı fikri hakim olsa da, fanatlar arasındakı sorğuda Messi necə qalib gəlib? Və ya “Real”ın kapitanı Modriç, eləcə də Van Deyk, Messi ilə ədavəti olan Levandovski və Mbappe kimi məşhur futbolçular hansı meyarı əsas tutaraq Leonu 1-ci pilləyə layiq görüb? Ümumi rəy belədi ki, sorğuda iştirak edənlər, sadəcə, bu işin strukturunu və qaydaları bilmir Elə Rasim Mövsümzadənin saytımıza verdiyi açıqlamadan da bunu hiss etmək olar! Çoxları üçün aydın məsələdi ki, konkret 2023-də trebl edən, saysız-hesabsız rekordlar qıran və mükəmməl futbol sərgiləyən Holann bu mükafata layiq idi.
İspaniyanın məşhur “Marka” nəşrində “Messinin qələbəsi bu mükafata, ümumiyyətlə, bir qurum kimi FİFA-ya ciddi şübhə ilə yanaşmağa əsas verir” fikrinə rast gəlmək mümkündüsə, İngiltərənin “Manchester Evening news” nəşri “Siti” fanatlarının böyük qəzəb içində oluqlarını qeyd edib. Almaniyanın məşhur “Bild” nəşri “nə üçün yenə Messi?” başlıqlı yazı dərc edibsə, Skandinaviyanın NRK kanalında bu qərar tarixi qalmaqal adlandırılıb. Fransanın “RMC Sport” kanalı isə iddia edir ki, Messinin adı əvvəlcədən heç favoritlər sırasında da yox idi. Bəs siz necə düşünürsüz, sorğunun nəticəsi ədalətlidimi?
ƏLİ RAUFOĞLU hazırladı