Droqba Zahanın yığmadan kənar qalması haqda nə dedi?

7.01.2024 20:21 239
Dünya futbolu
''Qalatasaray''lı Uilfrid Zahanın Afrika Millətlər Kuboku üçün açıqlanan Kot d'İvuar yığmasının heyətində olmaması onun vətənində böyük müzakirələrə səbəb olub.

Düzdü, Zahanın İstanbul nəhəngində parlaq oyun göstərdiyini söyləmək çətindi. Amma hər halda Zaha əsas heyət üzvü sayılır. Türkiyəyə gələnə qədər əslində o, öz yığmasında aparıcı futbolçulardan hesab olunurdu. Amma noyabrda onunla yığmanın çalışdırıcısı Jan-Lui Qasset arasında anlaşmazlıq yarandı. Zaha yığmanın düşərgəsinə bir gün gec getmək istəyirdi. Bu üzdən heyətdən çıxarıldı və indi də yanvarın 13-də start götürəcək Afrika Millətlər Kubokunda yer almayacaq. Qeyd edək ki, bu il turnir məhz elə Kot d'İvuarda keçiriləcək. Bu arada Kot d'İvuar və dünya futbolunun əfsanəsi Didye Droqba da Zahanın yığmadan kənar qalmasına münasibət bildirib. Zaha kimi ''Qalatasaray''da da forma geymiş Droqba bunları deyib:
''Oyunçuları seçərkən duyğularla hərəkət etmək düzgün deyil. Zahanın yığmanın düşərgəsində yer almağa layiq olduğunu düşünürəm. Ölkə olaraq onun səviyyəsinə ehtiyacımız var. Uzun illər dünyanın ən güclü çempionatında oynadıqdan sonra ''Qalatasaray''a transfer olundu. Onun səviyyəsinə hər birimiz bələdik. Bu dəfəki heyət seçimindən heç kim heç nə anlamadı''.


Zaha bu mövsüm ''Qalatasaray''da 20 rəsmi oyunda 6 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib. Yığmada isə indiyə qədər 31 oyuna 5 qol vurub.

ƏLİ