Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) 2023-cü il üçün üç nominasiya üzrə qalibi müəyyən edib.
BFTSF Holannı ən yaxşı oyunçu...
Bu nominasiyada “Mançester Siti”nin hücumçusu Erlinq Holann qalib gəlib. 23 yaşlı norveçli 208 xalla bütün rəqiblərini qabaqlayıb. PSJ-nin hücumçusu Kilian Mbappe 105 xalla 2-ci, “İnter Mayami”nin forvardı Lionel Messi isə 85 xalla 3-cü yeri tutub. Xatırladaq ki, Holann bu il klubu ilə 5 turnirin qalibi olub. Onun son mövsümdə 54 oyuna 52 qol vurduğunu da qeyd edək.
...Edersonu ən yaxşı qapıçı...
BFTSF 2023-cü ilin ən yaxşı qapıçılarının adlarını da açıqlayıb. Qurumun rəsmi saytının yaydığı xəbərə görə, 1-ci yeri 145 xalla “Mançester Siti”nin oyunçusu Ederson tutub. Argentina millisi ilə son dünya çempionatının qalibi olan Emiliano Martines (Aston Villa) 76 xalla 2-ci, belçikalı Tibo Kurtua (Real) isə 73 xalla 3-cü olub. 2023-cü ilin ən yaxşı qapıçılarınının ilk “10-luğ”una Mark-Andre Ter Ştegen (Barselona, 58), Yan Oblak (Atletiko, 36), Canluici Donnarumma (PSJ, 23), Yassin Bunu (Sevilya/Əl-Hilal, 22), Alisson Bekker (Liverpul, 19), Andre Onana (İnter/Mançester Yunayted, 16) və Mayk Menyan (Milan, 13) da düşüb.
…Qvardiolanı isə ən yaxşı məşqçi seçdi
BFTSF-nin versiyasına əsasən, 2023-cü ilin ən yaxşı klub məşqçisinin adı da açıqlanıb. Qurumun saytının yaydığı məlumata görə, bu nominasiyada Xosep Qvardiola qalib gəlib. “Mançester Siti”nin baş məşqçisi 281 xalla 1-ci olub. Qeyd edək ki, Qvardiola bu il İngiltərə premyer-liqası, İngiltərə kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. “Real”ı çalışdıran Karlo Ançelotti 2-ci (56 xal), bu ilin ilk yarısında “Napoli”yə başçılıq edən, hazırda isə İtaliya yığmasında işləyən Luçano Spalletti isə 3-cü (53 xal) yeri tutub. İlin ən yaxşı məşqçilərinin ilk “5-liy”inə “İnter”dən Simone İnzaqi (51 xal) ilə “Fluminense”dən Fernando Diniz (33 xal) də layiq bilinib.