"Neftçi" - "Kəpəz" matçında "Forza Neftçi" fanklubu "Halaldı uşaqlar, çempionluq getdi" şüarını səsləndirdi.
Həqiqətənmi "ağ-qaralar" üçün çempionluq bitib? Bu sualı aydınlaşdırmaq üçün adı çəkilən azarkeş qrupunun rəhbərləriylə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Belədə klubla azarkeşlər arasındakı əlaqələndirici Aqil Məmmədquliyevlə danışdıq:
"Ağllı, şüuru olan və təhlil bacarığı olan şəxslər "Qarabağ"la xal və səviyyə fərqini görür. Reallıq odu ki, bu gün "Qarabağ" güclüdü və qış çempionu olmağı bacardı. Hazırkı ssenari davam edəcəksə, şübhə yox ki, Ağdam təmsilçisi növbəti çempionluğu da rəsmləşdirəcək. İllərdi "Neftçi" azarkeşi olaraq, təbii ki, klubumuzun uğurlarını istəyərəm, o cümlədən də çempionluğu. Amma hər şeyə istək, arzu ilə yox, bir az soyuq başla da yanaşmaq lazımdı. Komandamızda tez-tez baş məşqçi dəyişiklikləri gerçəkləşdi. İndi monteneqrolu mütəxəssis gəlib. Təbii ki, ona da komandanı formalaşdırma, oyun fəlsəfəsini aşılamaq üçün vaxt lazım olacaq. Tutaq ki, çempionatın 2-ci yarısında hər iki oyunda "Qarabağ"ı udduq. Amma bununla hər şey bitmir. Çünki iki görüşdə "köhlən atlar"ı büdrədəcəyiksə, amma digər komandalar əzəli rəqibimiz qarşısında diz çökəcəksə, yenə çempionluq bizim üçün əlçatmaz olacaq. Odu ki, sadəcə, hazırda komandamızı formalaşdırıb, inkişaf etdirmək lazımdı. Mənim şəxsi istəyim budu ki, premyer-liqanın 2-ci mərhələsində “köhlən atlar"la matçlarda ən azı 4 xal qazanaq. Bu, növbəti ildə "Qarabağ"la layiqli qarşıdurmamız üçün stimul olacaq".
ABDULLA İSMAYILOĞLU