Bölgə klubları niyə autsayder statusu ilə barışıb?

25.12.2023 23:35 212
Premyer-liqa / Manşet
Misli premyer-liqasında ilk dövrənin son turunun oyunları keçirilir.

18-ci tur ərəfəsində turnir cədvəlində çox maraqlı durum yaranıb. Belə ki, sonuncu pillələrdə qərarlaşan komandaların hamısı bölgə təmsilçisidi – “Turan Tovuz”, “Kəpəz” və “Qəbələ”… Halbuki futbol biliciləri və bu yöndə söz sahibləri futbolun bölgələrdə təbliğini və inkişafını arzulayır. Ümumiyyətlə, son illərdə “bölgələrin ölkə çempionatında daha çox təmsilçisi olmalıdı” tezisi doyunca işlədilib. Amma bunun fonunda məhz bölgə klubların özünü yaxşı tərəfdən göstərə bilmədiyini, autsayder statusu ilə barışdığını görürük. Görəsən, bunun səbəbi nədi? Niyə bölgə təmsilçilərinin nəticəsi uğurlu deyil? Ümumiyyətlə, çatışmazlıqların kökünü harada axtarmalıyıq? Bu suallarla futbol mütəxəssislərinə müraciət etdik.

Səbuhi Səfiyarlı:
“İndiki durumda bölgə klublarının ölkə çempionatında iştirakı şərti xarakter daşıyır. Bu komandalar başqalarıyla müqayisədə maliyyə böhranı yaşayır. Hansısa transferlərdə səhvə yol verilibsə, bunun səbəbi klubun bölgə və ya paytaxt təmsilçisi olması deyil. Belə hallar bir çox komandalarda baş verir. Əslində region təmsilçiləri öz şəhərində məşq etsə, orda məskunlaşsa, fərqli səbəb düşünmək olardı.

Məsələn, deyə bilərdik ki, infrastruktur Bakıyla müqayisədə aşağı səviyyədədi və bu üzdən yaxşı legionerlərlə anlaşmaq olmur. Lakin "Qarabağ" da daxil olmaqla, bu klublar Bakıdadı. Yalnız ev oyunu üçün bölgəyə yollanırlar. Ona görə də burda hansısa tendensiya axtarmaq istəmirəm. Sadəcə, "Kəpəz" Gəncədə məskunlaşıb və maliyyə azlığına görə daha səviyyəli futbolçular cəlb edə bilmir. Ona görə də bu vəziyyətdədi. Autsayder olan bölgə klublarının niyə bu halda olduğunu düşünsək, maliyyə vəziyyətinin digər klublara nisbətən o dərəcədə yaxşı olmadığını görərik”.


Ceyhun Sultanov:
“Səbəb çox ola bilər. Lakin əsas səbəb maliyyədi. Büdcə yoxdusa, komandanı yaxşı formalaşdırmaq alınmır. Mənə elə gəlir ki, bölgələrdə futbol daha çox sevilir. Sözügedən klubların yetərincə maliyyəsi olsaydı, tam fərqli komanda görərdik. Ona görə klub formalaşdırma prosesində belə məqamlara önəm verilməlidi”.


Aslan Kərimov:
“Keçmişə nəzər yetirsək, "Xəzər Lənkəran", "Turan Tovuz", "Kəpəz" həm liqalarda, həm də ölkə kubokunda çempion olublar, Bakı təmsilçilərindən daha uğurlu çıxış ediblər. Hazırda əvvəlki vəziyyətdə olmamalarının aşkar səbəbi maliyyə çatışmamazlığıdı. Bunun başqa izahı yoxdu. Regionlarda azarkeş kütləsi paytaxtdakından qat-qat daha çoxdu. Onların "Neftçi", "Sabah", "Qarabağ" qədər büdcələri olsa, mübarizə aparmaq daha çətin olar. Çünki regionda azarkeş kütləsinin dəstəyi bu klublarla mübarizəni çətinləşdirər. İki-üç milyon manatlıq büdcəyə malik klub özündən 10 dəfə artıq büdcə ilə baş edə bilməz. Həmin kluba Mourinyonu, Qvardiolanı da gətirsən, heç nə dəyişməyəcək. Yalnız peşakar səviyyədə keyfiyyətli oyunçular almaqla oyunu yaxşılaşdırmaq olar”.


GÜNAY SÜLEYMANOVA