Futbolun Azərbaycanda populyarlaşdırmaq üçün bölgələrdə komandalar yaradılır. Bu mövsümdən 1-ci liqa ilə əvəzedicilər ayrıldı, həmçinin 1-ci liqa təmsilçilərinin sayı da artırıldı. 14 komandalı yarımpeşəkar 2-ci liqa da yaradıldı. Ötən həftə Region Liqasınsında iştirak edəcək klubların sayı da müəyyənləşdi.
Turnirdə 40 komanda mübarizə aparacaq. Onlar arasında yeni yaranan bölgə təmsilçiləri də var. Buna rəğmən, hələ də bir çox bölgə futbol üzünə həsrətdi. Yardımlı, Astara, Salyan, Sabirabad, Gədəbəy, Siyəzən, Xızı, Abşeron, Xırdalan, Xudat, Zərdab, Daşkəsən, Oğuz kimi şəhərlərin təmsilçiləri yoxdu. Bunun səbəbini aydınlaşdırmaq üçün AFFA-ın sözçüsü Elnur Məmmədliylə əlaqə saxladıq:
"Bu il, bildiyiniz kimi, futbolumuzun coğrafiyası genişləndi. 2-ci liqa yaradıldı. Region Liqasında 40 komanda mübarizə aparacaq. Bu, həmin çempionatda təmsilçilərin sayına görə ən yüksək göstəricidi. Futbolsuz qalan bölgələrə gəlincə, bizə müraciət olunmayıb. Müraciət edən hər komandaya, əsasən də bölgə təmsliçisinə reaksiya verir, kömək göstərir, tövsiyələrimizi çatdırırıq".
ABDULLA İSMAYILOĞLU





