“Plan ilkin mərhələdə bütün projektorların yeniləriylə əvəzlənməsidi” – “Turan Tovuz”dan reaksiya gəldi

24.12.2023 21:30 547
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu 81-ci dəqiqədə dayandırıldı.

Səbəb güclü küləyin stadiona yeni quraşdırılmış projektor dirəyini aşırmasıydı. Düzdü, qalan vaxt bu gün oynanılıb və oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə bitib. Lakin mövzuyla bağlı cavabsız suallar var. Məsələn, təbiətlə yanaşı, klubun İdarə Heyətinin sədri və baş sponsoru "Huner Group"un rəhbəri Ehtiram Quliyevi suçlu bilənlər var. Ümumiyyətlə, Tovuz klubunun bu məsələ ilə bağlı mövqeyi necədi? Bu sualı “Turan Tovuz"un İdman və Əməliyyatlar üzrə direktoru Səməd Nəsibova ünvanladıq. Onun "Football-plus.az"a dedikləri:

"Problemin aradan qaldırılması üçün təcrübəli mütəxəssislərlə sıx əlaqədəyik. Onlar artıq işə cəlb olunub. Tezliklə problemin nədən qaynaqlandığı tapılacaq və ekspertiza rəyi veriləcək. Nəticəyə uyğun addımlar atacağıq. Plan ilkin mərhələdə bütün projektorların yeniləriylə əvəzlənməsidi. Tənqidlərə gəlincə, heç kim belə hadisənin yaşanmasını istəməzdi. Bütün fikirləri hörmətlə qarşılayırıq. Şükür Allaha, insan sağlamlığına ziyan dəymədi. Bu hadisə hər kəs üçün siqnal idi. Artıq bütün qurumlar işinə daha ciddi və məsuliyyətli yanaşacaq".

KƏNAN BAHADIR