A seriyasının 16-cı turuna cümə günü Genuyada start verildi. “Yuventus” üçün bu şəhərə səfər xal itkisi ilə sona çatdı. Əvəzində “İnter” növbəti qələbə ilə liderliyini bir qədər möhkəmləndirdi.
"Football-plus.az" xəbər verir ki, “Yuventus” fasiləyə yaxın penalti ilə hesabı açsa da, üstünlüyünü çox da qoruya bilmədi. “Cenoa” ikinci hissəyə fəal başlamaqla cavab qolunu vurdu. Massimiliano Alleqrinin komandası qalan vaxtda nə qədər çalışsa da, qapıya yol tapa bilmədi. “Qoca sinyora” iki xal itkisinə baxmayaraq, 2-ci yerdə qaldı.
Amma “Yuventus” liderdən 4 xal geri düşdü. Ona görə ki, “İnter” Romadan evə inamlı qələbə ilə qayıtdı. Turun mərkəzi oyunundan daha gərgin mübarizə gözləməyə dəyərdi. Lakin “Latsio” lider ilə ciddi rəqabət apara bilmədi. Milanlılar hazırda romalıları səviyyə cəhətdən üstələdiklərini əyani göstərdilər. Hərçənd ilk hissə böyük ölçüdə sönük və bərabər mübarizə şəraitində keçdi. Bununla belə, Simone İnzaqinin komandası fasilə ərəfəsində hesabı açmağı bacardı: Maruşiçin kobud səhvini bağışlamayan Lautaro Martines bu mövsüm 15-ci qolunu vurmaqla bombardirlərin siyahısındakı liderliyini bir qədər də möhkəmləndirdi. İkinci hissənin ortalarında Türamın zərbəsi ilə fərqi iki topa çatdıran milanlılar üstünlüyünü sona qədər qorudular.
Milanın eyniadlı komandası da turu inamlı qələbə ilə başa vurdu. “Montsa”nın qapısından üç cavabsız top keçirən Stefano Pyolinin komandası 3-cü yerdəki mövqeyini qorudu.
“Napoli” ardıcıl iki məğlubiyyətdən sonra hesabına maksimum xal yazdı. Son çempion evdə “Kalyari”yə çətinliklə qalib gəldi – 2:1.
Paytaxtın digər komandası da turu xalsız başa vurdu. “Roma” Bolonya səfərində 0:2 hesablı məğlubiyyətə uğradı. Bu mövsümün kəşfi sayılan “Bolonya” 4-cü yerə yüksəldi.
16-cı tur
Cenoa – Yuventus 1:1
Qudmundsson, 48 – Kyeza, 8-p.
Yuventus: Şçensnı, Qatti, Bremer, Danilo, Kostiç (Vea, 68), Miretti (Aylinq, 74), Lokatelli, Makkenni, Kambyaso (Yıldız, 88), Kyeza, Vlahoviç (Milik, 68).
Napoli – Kalyari 2:1
Osimhen, 69. Kvaratsxeliya, 75 – Pavoletti, 72.
Napoli: Meret, Natan (Ruy, 59), Juan Jezus, Rrahmani, Di Lorentso, Kayuste (Raspadori, 59), Lobotka, Zambo Angissa, Kvaratsxeliya (Zanoli, 90), Politano (Lindstrem, 90), Osimhen (Qaetano, 82).
Milan – Montsa 3:0
Reynders, 3. Şimiç, 41. Okafor, 76.
Milan: Menyan, Florentsi, Ernandes, Tomori, Kyaer (Bertezaqi, 67), Pobeqa (Şimiç, 24), Reynders, Loftus Çik (Bennaser, 67), Leao (Okafor, 67/Çukvueze, 80), Pulişiç, Jiru.
Fiorentina – Verona 1:0
Beltran, 79.
Fiorentina: Terraçano, Biraqi, Ranyeri, Lukas Martines (Milenkoviç, 72), Kayode, Mandraqora (Mina, 85), M.Lopes (Kuame, 46), Sottil (Artur, 46), Beltran, İkone, Nzola (Barak, 46).
Bolonya – Roma 2:0
Moro, 37. Kristensen, 49-öz qapısına.
Roma: Patrisio, Ndika, Lyorente (Azmun, 63), Mançini (Çelik, 82), Spinatsola (Sanşeş, 46/ Bove, 63), Lorentso Pelleqrini (Pizilli, 82), Kristante, Paredes, Kristensen, Əl-Şaaravi, Belotti.
Latsio – İnter 0:2
Lautaro Martines, 40. Türam, 66.
Latsio: Provedel, Maruşiç, Qila, Kazale, Latsari, Kamada (Luis Alberto, 65), Rovella (Kataldi, 75), Genduzi, Zakkanyi (Pedro, 75), Felipe Anderson (Kastelyanos, 80), İmmobile.
İnter: Zommer, A.Bastoni, Açerbi, Bissek, Dimarko (Auqusto, 70), Darmian, Barella (Frattezi, 70), Mxitaryan, Çalhanoğlu (Asllani, 89), Lautaro Martines (Klassen, 89), Türam (Arnautoviç, 78).
Leççe – Frozinone 2:1
Pikkoli, 11. Ramadani, 89 – Kayo Jorje, 36-p.
Torino – Empoli 1:0
Sapata, 25.
Udineze – Sassuolo 2:2
Lukka, 36. Pereyra, 55 – Berardi, 75-p.; 88-p.
Atalanta – Salernitana 4:1
Muriel, 47. Paşaliç, 52. De Ketelare, 83. Mirançuk, 89 – Pirola, 10.
1. İnter 16 13 2 1 39-7 41
2. Yuventus 16 11 4 1 24-10 37
3. Milan 16 10 2 4 29-18 32
4. Bolonya 16 7 7 2 20-12 28
5. Fiorentina 16 8 3 5 25-18 27
6. Napoli 16 8 3 5 28-19 27
7. Atalanta 16 8 2 6 28-19 26
8. Roma 16 7 4 5 28-19 25
9. Torino 16 6 5 5 14-16 23
10. Montsa 16 5 6 5 16-17 21
11. Latsio 16 6 3 7 16-18 21
12. Leççe 16 4 8 4 19-21 20
13. Frozinone 16 5 4 7 21-26 19
14. Cenoa 16 4 4 8 16-21 16
15. Sassuolo 16 4 4 8 24-30 16
16. Kalyari 16 3 4 9 16-29 13
17. Udineze 16 1 10 5 14-27 13
18. Empoli 16 3 3 10 10-28 12
19. Verona 16 2 5 9 13-23 11
20. Salernitana 16 1 5 10 12-34 8
Bombardirlər: Lautaro Martines (İnter) - 15, Berardi (Sassuolo) – 9, Jiru (Milan) – 8.
Növbəti turun oyunları dekabrın 22-23-də keçiriləcək: Empoli - Latsio, Sassuolo – Cenoa, Salernitana – Milan, Montsa – Fiorentina, Frozinone - Yuventus, Torino – Udineze, Bolonya – Atalanta, İnter – Leççe, Verona - Kalyari, Roma - Napoli.
Turun rəqəmi
1 – “Milan”ın “Montsa” qzərində böyükhesablı qələbəsində Şimiç də rol oynadı. 24-cü dəqiqədə Pobeqanın zədələnməsi ona ev sahiblərinin heyətində debüt etmək imkanı yaratdı. Fasilə ərəfəsində Leaonun ötürməsini tamamlayan Yan-Karlo əsas komandada ilk qolunu da vurdu. 18 yaş 29 günlüyündə qapıya yol tapan serb müdafiəçi A seriyasında qələbəyə görə 3 xal sisteminin tətbiq olunduğu 1994/95 mövsümündən sonra “Milan”da yalnız iki oyunçudan geri qalır: Alberto Paloski ilə Aleşandro Pato bu komandadakı ilk qolunu Şimiçlə müqayisədə daha erkən yaşda vurublar.
Turun ulduzu
Viktor Osimhen (Napoli) – “Kalyari” üzərində çətin qələbədə onun payı daha çox oldu. Əvvəlcə başı ilə hesabı açan Osimhen ağır zədəsini sağaldandan sonra İtaliya çempionatında ilk qolunu vurdu. 24 yaşlı nigeriyalı hücumçu Kvaratsxeliyaya məhsuldar ötürmə verməklə də 2:1 hesablı qələbədə böyük rol oynadı.
Turun sitatı
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Sanşeşdən ictimaiyyət qarşısında üzr istəyirəm. Mən onunla bağlı sərt qərar verdim: fasilədən sonra meydana buraxdım və bir neçə dəqiqədən sonra əvəzləməli oldum. Amma onu da deyim ki, bu addım bir məşqçi üçün daha ağır qərardı. Karyeramda üç, ya da dörd dəfə belə etmişəm. Buna görə futbolçumuzdan üzr istəyirəm”.