Oyundan sonra “Sumqayıt”ın kapitanı Murad Xaçayevə bəzi məsələlərlə bağlı sual ünvanladım.
- Oyunla bağlı fikirlərin maraqlıdı.
- Ağır matç oldu. Hesabı biz açdıq, yaradıcı oyunla meydanda üstünlük yaratmaq istədik. Ardınca futbolçularımız zədələnərək əvəzləndi, rəqib təzyiq edəb hesabı bərabərləşdirdi. 2-ci yarıda qol üçün fürsətlərimiz olsa da, son nöqtəni qoya bilmədik. Buna rəğmən, yaxşı çıxış etdik.
- Ötən turda "Qarabağ"a doğma meydanda 1:6 məğlub olduz. Buna qədər isə yaxşı oyun sərgiləməklə qələbələr və heç-heçələr əldə edirdiz. Yenilgidən sonra komandada psixoloji tənəzzül varmı?
- Düşünmürəm ki, psixoloji tənəzzül və ya təzyiq olsun. "Qarabağ"la oyunun nəticəsini artıq unudub qış fasiləsi ərəfəsindəki son matçımıza köklənib qələbə qazanmaqla çempionatın ilk yarısına yekun vurmalı və növbəti mərhələyə hazırlaşmalıyıq.
- Öz oyunun haqda nə deyərdin?
- Özüm barədə qiymətləndirmə aparmağım doğru deyil. Bu barədə məşqçilər korpusu danışsa, yaxşı olar.
- Yenidən yığmaya çağrılmağı gözləyirsənmi?
- Hesab edirəm ki, hər futbolçu ölkənin əsas komandasında çıxış etmək istəyər. Bunun üçün oyun planında göstəricilərimi yaxşılaşdırmalıyam.
- Yığma yerli, yoxsa əcnəbi baş məşqçiyə həvalə olunmalıdı?
- Kimin baş məşqçi postuna gətirilməsindən asılı olmayaraq, yığma ölkəni layiqincə təmsil etməyi bacarmalı, potensiallı futbolçular komandaya cəlb olunmalıdı.
ABDULLA İSMAYILOĞLU