“Uduz, uduz, uduz... Nə vaxta qədər?”

12.12.2023 14:12 524
Aktual / Ölkə futbolu
Qəbələ zəngin təbiəti və iqlimi ilə nəinki yerli əhalinin, turistlərin də maraq dairəsində olan bögələrimizdəndi. Şəhəri təmsil edən eynadlı komandanın ev oyunlarına ezam olunanda həvəslə yola çıxmağımın əsas səbəblərindən biri də məhz bu amildi.

Şənbə günü Bakıdan güclü yağışın müşayiəti altında yola düşdüm. Sonradan öyrəndim ki, Qəbələdə də hava yağışlı və dumanlıdı. Bu üzdən yol uzun və maraqlı keçdi. Stadiona çatanda tribunaların boş olduğunu görmək xoş mənzərə deyildi. Oyunun startına təxminən 1 saat qaldığından azarkeşlərin aram-aram oturacaqları dolduracağına ümid edirdim. Lakin belə olmadı. “Qəbələ”ni dəstəkləməyə vur-tut 200 tərəfdar gəlmişdi. Klubun ən etibarlı fanklubu sayılan “Red Black Army” ilə “Kəpəz”in “Xəmsə”sində birləşənlərin sayı, demək olar ki, eyni idi – hərəyə 25-30 azarkeş... Bir tərəfdə davulla sona qədər komandasını dəstəkləyən gəncəliləri, qarşıda isə hərdənbir səs çıxaran qəbələliləri izləmək məndə qəribə hisslərə səbəb oldu. Çünki hələ mövsümün əvvəlində “qırmızı-qaralar”ın Konfrans Liqasının 1-ci mərhələsində “Omoniya” ilə matçda (2:3) sona qədər necə dəstəkləndiyini görmüşdüm. Anladığıma görə, azarkeşlər “Qəbələ”dən çox inciyib. Bunu məni Bakıdan adı çəkilən şəhərə çatdıran qəbələli taksi sürücüsünün dilindən də eşitdim:

“Uzun müddətdi stadiona getmirəm. Əvvəl maraqlı idi. Hər oyun ailəmlə birgə gedib izləyirdik. Gəlib qələbələri evdə də qeyd edirdik... İndi nə bilim... Uduz, uduz, uduz... Nə vaxta qədər?”.

Əlbəttə, azarkeş biganəliyin əsas səbəbi kollektivin yaxşı nəticələr qazanmamasıdı. Məsələn, Əyyub Allaşla Lukas Afriko arasında yaşanan dialoqa nəzər yetirək. “Kəpəz” tam gücüylə irəli atılarkən Allaş Afrikoya “dayanma, qaç, təzyiq et!” deyə qışqırır. Cavab isə gözlənilməz oldu: “Öz işinlə məşğul ol! Oyununu oyna!”. Razıyam ki, uduzduğun matçın gedişində emosiyaları cilovlamaq çətin olur. Lakin peşəkarlıq da məhz belə epizodlarda özünü göstərməlidi...

Matçdan sonra keçirilən mətbuat konfransında Elmar Baxşıyevin oyunu dəyərləndirməyə lüzum görmədi. Bu halda baş məşqçinin belə dəyərləndirmədiyi matça qiymət verib izləməyə gəlməyən azarkeşi kim qınaya bilər?! Elmar bəy demişkən, günahkar və cavabdeh özüdü. Görək, nəticələrə görə hansı cavabı verəcək?

KƏNAN BAHADIR