“Baku Fire” srağagün futzal üzrə yüksək liqada “Record club”la qarşılaşacaqdı. Lakin oyun baş tutmadı.
Futzal Federasiyasının yaydığı məlumata görə, buna klubun protokolu oyunun başlamasına 75 dəqiqə qalmışa qədər "Yarışların idarəetmə sistemi"nə göndərməməsi səbəb olub. Məsələylə bağlı “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazovla əlaqə saxladıq. O, bu haqda danışa bilməyəcəyini dedi. Daha dəqiq desək, rəhbərliyin icazəsi yox imiş...
Futzal Federasiyasının mətbuat xidmətinni rəhbəri Mahal Məmmədovun fikirləri isə belə oldu:
“Oyun günü səhər saatlarında zəlzələ baş verdiyini bilirsiz. Klubun həmin iş üzrə məsul əməkdaşı şagird övladından narahat olduğu üçün məktəbə yollanıb. Buna görə protokolu vaxtında sistemə göndərə bilməyib. Lazımi sənədlər olmadıqda oyunun başlaması mümkün deyil. Sistemin yenidən aktivləşdirilməsi isə bizim yox, AFFA-nın səlahiyyətindədi”.
Əlbəttə, biz klubun ciddi qayda pozuntusuna yol verən əməkdaşını övladının yanına qaçdığına görə qınaya bilmərik. Lakin məsələ fərqlidi. İş orasındadı ki, protokolu oyuna bir gün qalmış da göndərmək mümkündü. Görünür, məsul şəxs arxayınlığın qurbanı olub, işini son saatlara saxlayıb. Halbuki vəzifəsinə daha ciddi yanaşsaydı, belə sadə biabırçılığın şahidi olmayacaqdıq.
Hələ qeyd etdiklərimiz işin görünən tərəfidi. Bir az dərinə getsək, “Baku Fire”ın futzalçılarının əməyi insaflı adamı günahkar hiss etdirər. Çünki bu oyunçular geridə qalan 9 tur ərzində alın təriylə 18 xal yığaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Məqsəd əsas rəqiblərdən “Neftçi” İK-nı keçməkdi. Amma klub bu məqsəddən bir az daha aralandı. Çox güman, İntizam Komitəsi “Baku Fire”a texniki məğlubiyyət verəcək. Bu daha 3 xal itkisi deməkdi. Onsuz da Hacıbala Abdullazadənin yetirmələri 10-cu turda “Yasamal Bakı”nı darmadağın edərək sözügedən rəqibindən uzaqlaşmışdı.... Uzun sözün qısası, “Baku Fire” özünü “yandırdı”.
Baş verənlərə şərait yaradan başqa bir tərəfə də toxunmaq lazımdı. Məsələn, elə İntizam Komitəsinin özü! Bilindiyi kimi, qurum klublara pul cəriməsi tətbiq etmir. Bunun ən sadə izahı isə ölkəmizdə futzala marağın azlığı və klubların çoxunun kasıb olmasıdı. Alqışalayiq addım addım olduğuna şübhə yox, amma istisna hallar haqda da düşünməyə dəyər...
Yeri gəlmişkən, “Baku Fire” rəhbərliyinin bu gün səhər saatlarında mövzuyla bağlı iclas keçirməsi gözlənilir. Görək alovun bir ucu kimə toxunacaq?
KƏNAN BAHADIR