"Football-plus.az" xəbər verir ki, sentyabrın əvvəllərində Çağdaş Atanın qalmaqallı şəkildə ayrılaraq “İstanbul BŞ”nin başına keçməsindən sonra baş məşqçi postuna Rəcəp Uçar gətirildi. Bu məşqçinin rəhbərliyi altında yaxşı performans sərgiləyən Kayseri təmsilçisi son turda səfərdə “Trabzonspor”u yenərək 4-cü pilləyə yüksəldi. Amma ötən həftə Lisenziya Komitəsinin qərarı ilə “sarı-qırmızılar”a 3 xallıq cəza verildi. Düzdü, rəhbərlik bu qərardan apellyasiya verdiyinə görə hələ ki 3 xal komandanın hesabından çıxılmayıb. İndi də “Kayserispor” yeni problemlə üzləşib. Əslində buna yeni problem demək olmaz. Komandaya son ilyarımda FİFA tərəfindən transfer qadağası qoyulmuşdu. Yəni son 3 transfer dönəmində heyətini gücləndirə bilməyən kayserililər bu qadağanı bu yay aradan qaldırmağa müvəffəq olmuşdular. Amma FİFA-da “Kayserispor”la bağlı daha bir dosye mövcud idi. Belə ki, Andrea Bertolaççiyə əvvəlki rəhbərlikdən qalan 2,4 milyon avroluq borc var idi. FİFA srağagün bu borcu təsdiqləyib və “Kayserispor”a yenidən bir dönəm üçün transfer cəzası verilib!
Hazırda B seriyası təmsilçisi “Kremoneze”də top qovan italiyalı yarımmüdafiəçi 2021/22-nin ikinci dövrəsini və 2022/23-ün birinci dövrəsini “Kayserispor”da keçirmişdi. “Fatih Karahümrük”dən 700 min avroya transfer edilən təcrübəli futbolçu 22 rəsmi oyunda 2 qol, 3 məhsuldar ötürməlik performans sərgiləmiş və daha sonra pulunu ala bilmədiyinə görə müqaviləni birtərəfli qaydada ləğv edərək FİFA-ya üz tutmuşdu. İndi “sarı-qırmızılar” transfer cəzasını aradan götürmək üçün mütləq Bertolaççiyə 2,4 milyon avro ödəməlidi. Prezident vəzifəsinə ötən ilin dekabrında gələn Əli Çamlı məsələ ilə bağlı bunları deyib:
“Bəli, Bertolaççi dosyesi üzündən yenidən transfer cəzası aldıq. Bu futbolçu bu klubda nə edib? Neçə dəqiqə oynayıb? 700 min avroya transfer olunub. Alacağı məbləğ 2,4 milyon avrodu. Oynadığı dönəmdə almalı olduğu pulları və menecer haqqını da əlavə etsək, ona 5 milyon avro ödəməliyik. Daha öncə Mensah, Alibek, Bilal Başacıkoğlu kimi futbolçularda da buna bnzər problemlər yaşamışdıq. Burda problem futbolçuda yox, klubların düzgün idarə olunmamasındadı. Biz zatən gəlib bir müddət işləyəndən sonra klubu başqasına əmanət edirik. 2019-da ayrılan Bilal Başacıkoğluya indiyə qədər 2,9 milyon avro ödəmişik. Hələ 630 min avro da borcumuz var. O, müqaviləsini pozaraq ayrıldı. Daha sonra oynadığı klublarda bizdəkindən qat-qat az pul qazandı. Federasiya bu duruma bir çarə tapmalıdı”.



