İngiltərə futboluna itki üz verib.
"Football-plus.az" xəbər verir ki, ölkənin əsas komandasının sabiq baş məşqçisi Terri Veneybls dünyasını dəyişib.
Tanınmış mütəxəssis noyabrın 25-də 80 yaşında vəfat edib. Ölüm səbəbinə aydınlıq gətirilməyib. Veneybls futbolçu həyatını 4 klubda keçirib: “Çelsi” (1960-66), “Tottenhem” (1966-69), “Kuinz Park Reyncers” (1969-74) və “Kristal Pelas”da (1974-75) çıxış edib. “Çelsi” ilə İngiltərə Liqa kubokunu (1965), “Tottenhem”lə ölkə kubokunu (1967) qazanıb. Sabiq yarımmüdafiəçi 1964-cü ildə İngiltərə yığmasında 2 oyun keçirib. Futbolçu karyerasını başa vurandan bir il sonra məşqçi fəaliyyətinə başlayıb. “Kristal Pelas” (1976-80, 1998-99), “Kuinz Park Reyncers” (1980-84), “Barselona” (1984-87), “Tottenhem” (1987-91), “Midlsbro” (2000-01) və “Lids” (2002-03) klublarını, İngiltərə (1994-96) və Avstraliya (1996-98) yığmalarını çalışdırıb, İngiltərə millisində (2006-07) köməkçi-məşqçi kimi də fəaliyyət göstərib. “Barselona” onun rəhbərliyi altında İspaniya çempionluğunu (1985), “Tottenhem” isə ölkə kubokunu (1991) qazanıb. İngiltərə yığması evdə 1996-cı ildə keçirilən Avropa çempionatında bürünc mükafata layiq görülüb. Veneyblsin komandası əsas və əlavə vaxtı 1:1 hesabıyla nəticələnən yarımfinal matçında Almaniyaya penalti seriyasında məğlub olub.
Maraq üçün penaltini qola çevirə bilməyən ingilis futbolçunun hazırda milli komandanı çalışdıran Qaret Sautqeyt olduğunu da xatırladaq.
Veneybls dünyasını dəyişdi
Dünya futbolu




