Amansio Amaro dünyasını dəyişib. “Real”ın əfsanəvi futbolçusu və klubun fəxri prezidenti fevralın 21-də 83 yaşında vəfat edib.
Football-plus.az xəbər verir ki, o, peşəkar karyerası ərzində yalnız iki klubun şərəfini qoruyub. Sabiq hücumçu 1958-62-ci illərdə “Deportivo”da, 1962-76-cı illərdə isə “Real”da oynayıb. Daha çox paytaxt klubundakı uğurlu çıxışı ilə məşhurluq qazanıb. Amansio 14 mövsüm ərzində madridlilərin heyətində 471 oyun keçirib və 155 qol vurub. “Real”la 9 dəfə İspaniya çempionluğunu, 3 dəfə ölkə kubokunu qazanıb, 1966-cı ildə isə Çempionlar Kubokunun qalibi olub. 1964-cü ildə sıralarında Avropa çempionu olduğu İspaniya millisində 42 oyun keçirib və 11 qol vurub.
1976-77-ci illərdə “Real”ın gənclərdən ibarət komandasını, 1982-84-cü illərdə “Kastiliya” adlanan ikinci, 1984-85-ci illərdə isə əsas komandasını çalışdırıb. Amansio 2022-ci ilin oktyabrından klubun fəxri prezidenti idi.