Dünən premyer-liqanın 13-cü turu çərçivəsində ''Mançester Siti'' ilə ''Liverpul'' arasında böyük maraqla gözlənilən oyun keçirildi.
"Football-plus.az" xəbər verir ki, Erlinq Holannın qoluna Trent Aleksander-Arnold cavab verdi və görüş 1:1-lik bərabərliklə yekunlaşdı. İngiltərəyə ayaq basdığı gündən bu yana bir çox rekordları alt-üst edən Holann ''Siti''nin heyətində 70-ci rəsmi oyunda daha bir rekord müəyyənləşdirib. Norveçli qoleador premyer-liqada 48-ci oyununda 50-ci qolunu vurub. O, turnirin tarixində 50 qol həddinə ən tez çatan futbolçuya çevrilib! Əvvəlki rekord Endi Koula məxsus idi. ''Mançester Yunayted'' və İngiltərə yığmasının sabiq forvardı bu qol sayına 65-ci oyununda çatmışdı. Bu siyahıda sonrakı pillələrdə Alan Şirer (66), Ruud van Nistelroy (68), Fernando Torres və Məhəmməd Salah (hər ikisi 72) qərarlaşıb. Gözləyək görək, 23 yaşlı forvard 100 qol həddinə neçənci oyunda çatacaq. Bu göstəricidə isə rekord Alan Şirerə məxsusdu. Əfsanəvi forvard premyer-liqada 100-cü qolunu 124-cü oyununda vurmuşdu. Holann həm də çempionat çərçivəsində ''Liverpul''un qapısına ilk dəfə yol tapdı. Bu da o deməkdi ki, Holann indiyə qədər premyer-liqada qarşılaşdığı 21 rəqibdən 20-nin qapısına yol tapmağı bacarıb. O, yalnız ''Brentford''u məyus edə bilməyib.
ƏLİ